Dövlət İmtahan Mərkəzi (DİM) 20 dekabrdan etibarən imtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə və təlimlərə başlayır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsahibələrə 15 dekabr 2022-ci il tarixinədək elektron qaydada DİM-in saytında qeydiyyatdan keçmiş 369 namizəd dəvət olunacaq.
DİM-in məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr mərkəzin inzabati binasında (ünvan: Bakı ş., Nəsimi r., Həsən Əliyev küç., 299) və regional bölmələrində (https://dim.gov.az/contacts/index.php) təşkil olunacaq.
Müsahibə günü, saatı və ünvanı namizədə elektron anketdə daxil etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.
Müsahibəyə gələrkən aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Şəxsiyyət vəsiqəsi və surəti;
2. “Buraxılış rejimini aparan əməkdaşın anketi” (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anketi təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
3. İş yerindən arayış (iş yeri olduğu halda);
4. Bank rekvizitləri (Rekvizitlərin aid olduğu bankdan möhürlü kağz formasında alınmalıdır);
5. Təhsil haqqında sənədin əsli və surəti;
6. Məhkumluğun olmamasına dair arayış;
7. COVID-19 vaksin passportu və ya immunitet sertifikatı.
Qeyd: Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq, məlumatlarda hər-hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaqlar. Müsahibə və təlimlər ödənişsizdir.