İKT sahəsində çalışan şirkətlərə gələn ildən hansı güzəştlər tətbiq ediləcək

Azərbaycanda texnologiya sahəsində çalışan şirkətlərə vergi və gömrük güzəştləri tətbiq ediləcək.

TIME bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən Azərbaycanda sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır.

Qanun layihəsi sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından azad olma müddətinin həmin rezidentin qeyd olunan parklarda qeydiyyata alındığı tarixdən 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.

İclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə Azərbaycanda texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyiciləri texnologiyalar parkının rezidenti statusunu əldə edirlər və bu əsasda vergi güzəştlərindən istifadə edilməsi məsələsi əksini tapıb.

Dəyişikliyə əsasən, aşağıdakı vergi güzəştləri tətbiq ediləcək:

Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərə gəlir vergisi güzəştlərinin tətbiqi (2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi məbləğində);

Bu sahədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad edilməsi;

Bu sahədə fəaliyyət göstərən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən 10 il müddətinə ödəmə mənbəyində verginin tutulmaması;

Bu sahədə fəaliyyət göstərən şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmaların şamil edilməsi.

Bununla yanaşı, texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksək ixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi təklif edilir və bu məqsədlə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsi hazırlanıb və Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Təkliflər Qanunun müvafiq müddəalarında aşağıdakı mahiyyət və məzmun dəyişikliklərini nəzərdə tutur:

“Sosial sığorta haqqında” Qanuna 14.8-ci maddənin əlavə olunması təklif edilir. Belə ki, texnologiyalar parkının rezidenti onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən hesablanması imkanı yaradır.

Qanunun 14-cü maddəsində sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydası əks olunmuşdur. Yeni 14.8-ci maddəyə əsasən texnologiyalar parkında fəaliyyət göstərən texnoloji biznes inkubatorunun rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb olunmuş fiziki şəxslərə onların seçiminə əsasən məcburi dövlət sosial sığorta haqlarının iki müxtəlif qaydada ödənilməsi ehtiva edilir.

Təklif olunan maddənin ikinci cümləsində isə bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. İl ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.

Ölkədə İKT üzrə mütəxəssislərə olan tələbatı nəzərə alaraq, xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə texnologiya parklarının genişləndirilməsi məqsədilə Miqrasiya Məcəlləsinə dəyişikliklər hazırlanıb.

Qanun layihəsinə əsasən iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur.

Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur.

Leave a ReplyCancel reply