Təcili tibbi yardım sistemi necə gücləndiriləcək?

Gələn il Azərbaycan Tibb Universitetində Təcili tibb kafedrası yaradılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində çıxış edərkən onuda deyib ki, təcili tibbi yardımın tədrisi artıq proqrama salınıb və gələn ildən tələbələrə tədris olunacaq.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov simpoziumda çıxışında ölkəmizdə sağlamlığın təcili problemləri insanları ən çox narahat edən məsələ olduğunu qeyd edib.

O bildirib ki, səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar.

“Ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir. Əsas məsələlərdən biridə təcili tibbi yardım ilə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır”,- deyə o əlavə edib.

USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass çıxışında deyib ki, Azərbaycanda güclü səhiyyə sistemi yalnız öz vətəndaşlarını qorumur, həmçinin qlobal səhiyyə təhlükəsizliyini gücləndirir.

O qeyd edib ki, təcili tibbi yardım işlərinin gücləndirilməsi USAİD-lə Azərbaycanın əsas işlərindən biridir.

“Hər kəs bilir ki, hər hansı bir sahəni inkişaf etdirmək üçün güclü təhsil olmaldır. Hər ölkə özünəməxsusdur və buna görə o ölkəyə uyğun yanaşma olmalıdır. Əməkdaşlıq bizim işimizin əsasını təşkil edir. Biz bu vasitə ilə dünyada olan uğurlu təcrübələri Azərbaycana gətirməyə çalışırıq”, – deyə o əlavə edib.

Pandemiya dövründə təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğunun şahidi olduq. Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələri həyata keçirməkdir.

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı simpozium çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya azalıb.

“Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibb sistemlərini gücləndirməkdə fayda var”,- deyə o əlavə edib.

Leave a Reply