2021-ci il ərzində məişət zorakılığı nəticəsində ölən qadınların sayı 46 olub ki, onlardan 44-ü qəsdən adam öldürmə (CM-in 120-122-ci maddələri nəzərdə tutulur) cinayətinin, 2-i isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub. Onların əksəriyyəti yaxın gohumları və tərəfdaşları tərəfindən öldürülüb.
TIME bildirir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, ümumilikdə məişət zorakılığı ilə bağlı 1536 zərərçəkmiş şəxs qeydə alınıb.
Törədilmiş cinayət əməlləri arasında qəsdən sağlamlığa zərərvurmanın müxtəlif növlərinə, xuliqanlıq, əzab vermə, öldürülməklə və ya sağlamlığa zərər vurmaqla hədələmə, seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsinə rast gəlinir. Ən çox rast gəlinən hal qəsdən sağlamlığa yüngül zərərvurmadır (295 hal). Ən az rast gəlinən isə seksual xarakterli zorakılıq hərəkətləridir (cəmi 1 hal). 2 ailədə isə ər-arvad qarşılıqlı olaraq bir-birinə xəsarət yetirib.
Cinayətlərin ən çox qeydə alındığı ərazilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu olub.
Məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlərdə cinayətkar və qurbanın qohumluq əlaqələri də müxtəlifdir. Həm yaxın qohumlar, həm digər qohumlar, həm də peşə fəaliyyətini yerinə yetirən zaman zərər çəkən polis işçisinə rast gəlmək mümkündür. Lakin say nisbətinə baxdıqda ən çox ər tərəfindən öz həyat yoldaşının öldürülməsi diqqəti çəkir.
Belə ki, ötən il zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri, 6%-i qanuni nikahda olmadan birgə yaşadığı şəxs, 4%-i anası, 4%-i atası, 10%-i qardaşı, 12%-i qaynanası, qalan 15%-i isə digər şəxslərdir (arvad, ögey ana, övladlığa götürən, baldız, bibi, dayı, bacı və s.).
Zorakılıq qurbanları daha çox məişət zəminində fiziki və psixi zorakılığa məruz qalırlar. Sorğuya cəlb olunmuş respondentlərin 78%-i fiziki, 84%-i psixi zorakılığa məruz qaldığını bildirib.
Ekspertlərin əksəriyyətinin qənaətinə görə, zorakılıq qurbanlarının çoxu seksual zorakılığa məruz qalmalarını açıqlamaqdan çəkindiklərindən seksual zorakılıq qurbanlarının statistik göstəriciləri reallıqda olduğundan dəfələrlə aşağıdır.
Eyni zamanda iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərə məruz qalanların da statistikası reallıqdan uzaqdır. Sorğuya cəlb edilmiş respondentlərin yalnız 33%-i iqtisadi, 11%-i isə seksual zorakılığa məruz qaldığını bildirib. Sorğuda iştirak edən respondentlərin 9%-i COVİD-19 pandemiyası dövründə zorakılıq hallarının artdığını, 2%-i azaldığını, 89%-i isə fərq etmədiyini bildirib.
Deputat Tamam Cəfərova Azərbaycanda 100 min nəfərə düşən intihar halları 4-5 % arasında olduğunu və kişilərin intihar sayı qadınlardan çox olduğunu qeyd edib.
“Bu rəqəmlər bizə təskinlik verməməlidir. Çünki hər intihar bir ailənin faciəsidir. Qadınların intiharının səbəblərindən birincisi məhz məişət zorakılığıdır. Yeniyetmələrin intiharına gəlincə, sonradan məlum olur ki, onlar valideynlərinin münaqişəsindən yorulub intihar ediblər. Bütün bunlar tək Azərbaycanın yox, dünyanın problemidir. Bu sahədə tədbirlər daha da sərtləşdirilməlidir. Hətta hesab edirəm ki, uşaqlara qarşı cinsi zorakılıq edənlər, pedofillər axtalansın”, – deyə o bildirib.