Müəllim vəzifəsini daşıyan şəxs öz tədris etdiyi fənni bilməlidir. Müəllim öz fənnini bilmirsə, onda 9-cu sinifdə uşaqların niyə aşağı bal yığması bəllidir.
TIME bildirir ki, Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev onuda deyib ki, Azərbaycan müəlliminin əməkhaqqı son 5 ildə ən çox artan əməkhaqlarındandır.
“Bu günə qədər müəllimlərin əməkhaqqı onların bilik və bacarığından asılı olmadan artıb. Əməkhaqqının artımı üçün bir neçə alətdən istifadə olunub. Yalnız diaqnostik qiymətləndirilmə keçirilməklə əməkhaqları da artırılmışdı. Bu halda forma çox sadə idi. Yəni diaqnostikada iştirak edib hətta 5 bal toplayan müəllim də əməkhaqqında artım hiss edib. Biz diaqnostika nəticəsində başa düşdük ki, əksər müəllimlər öz fənlərini bilir. Amma bəziləri var ki, bu gün onlar məktəblərdə işləyir, amma öz fənlərini bilmir. İkinci istiqamət də bu müəllimlərin həqiqətən də peşə yararlılığını yoxlamaqdır. Peşəyə yararlıdırsa, əməkhaqqına 35%, az yararlıdırsa,10 % artım təyin olundu. Müəllimlər arasında sertifikasiyaya həvəs çox böyük olub. 11 mindən çox müəllimi artıq sertifikasiyaya cəlb etmişik”.
Nazir qeyd edib ki, təhsilverənlərin settifikatlaşdırılması, həm də əməkhaqqı islahatı kimi müzakirə etməliyik. Bu təkcə təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi islahatı deyil.
Nazir bildirib ki, tənqidlər hər zaman olur.
“Biz başa düşməliiyik ki, niyə problemlər var. biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Bunun niyəsini tapmaq lazımdır. Biz 30 il ərzində ancaq nəticələr barəsində düşünmüşük. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var”.
Nazirin sözlərinə görə, sertifikasiyanın nəticələrinə uyğun olaraq, 60 sual verilib, onlardan 50-si ibtidai sinifə aid suallardır.
“İbtidai sinif müəllimlərindən serifikasiyaya başlamağımız da boşuna deyildi. Çünki uşaqlar ilk biliklərə ibtidai sinifdə yiyələnir. Bu biliklər yiyələnmə səviyyəsi də müəllimin öz fənnini bilməsindən asılıdır. Yaxşı xəbər odur ki, bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. Sertfikasiyadan sonra bizim ibtidai sinif müəllimləri arsında qross əməkhaqqımız 1000 manata yaxındır. Bu düşünürəm çox yaxşı rəqəmdir. Pis xəbər isə odur ki, 4 müəllimdən biri öz fənnindən minimal balı toplaya bilməyib. 76 % müəllim 8787 nəfər müəllim sertifikasiyadan keçib. Çox az sayda müəllimimiz var ki, imtahandan kəsilib. Artıq 10 ilə yaxındır ki, biz müəllimləri imtahanla işə qəbul edirik. 1 nəfər belə müəllim yoxdur ki, bizim imtahanla işə qəbul etdiyimiz müəllimlərdən bu imtahandan kəsilsin. Bu yaxşı xəbərdir. Düşünürük ki, MİQ-lə settifikasiya arasında da əlaqə var”.