Emin Əmrullayev: Məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur

Azərbaycanda külli miqdarda saxta diplom verilib.

TIME bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə suallara cavab verərkən bu gün o diplomların hansı yolla verildiyini müəyyən etmək üçün məlumat bazasının mövcud olmadığını deyib.

“Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim məqsədimiz ali məktəbləri yoxlamaq deyil”, – deyə o qeyd edib.

Nazir qeyd edib ki, 125 min təhsil işçisinin sertifikasiyadan keçirilməsi planlaşdırılır.

“Hazırda pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin sayı 150 mindən bir qədər çoxdur. Onlardan 125 mini məhz təhsil verməklə məşğuldur, digərləri isə direktor, direktor müavinləri və digər vəzifələrdə çalışan şəxslərdir”.

Nazir müəllimlərin sertifikasiya imtahanında iştirakın könüllü olmamasının səbəbini açıqlayıb: “Əgər imtahanı könüllü etsəydik, onsuz da biliyinə güvənənlər rahat şəkildə gəlib imtahan verib uğur qazanacaq və maaşlarına əlavələr alacaqdı. Lakin diplomu saxta, biliyi olmayanların imtahana gəlməyə marağı olmayacaqdı”, – deyə nazir qeyd edib.

E. Əmrullayevin sözlərinə əsasən, bu gün ölkədə məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur.

“Çünki işdən çıxarılma ilə bağlı qərar veriləndə bütün iş sistemimiz iflic olur. Ya mənim qəbuluma yazılırlar, ya şöbə müdirlərinin yanına gəlirlər. Misal olaraq, məhkəmə də bizim qərarı dəstəkləyir, ancaq həmin adam qəbuluma gəlir ki, məni işə bərpa et”.

Leave a Reply