Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalar nəticəsində Astara rayonunun Şuvi, Bərdə rayonunun Alaçadırlı, Ucar rayonunun Boyat bələdiyyələrinin ərazilərində, Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində meşə fonduna daxil olmayan, həmçinin Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə meşə fonduna daxil olan, ümumilikdə 412 ədəd ağac və kolun kəsilməsinə yol verdikləri və təbiətə 145 min manatdan çox maddi ziyan vurulduğu məlum olub.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə) 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.