Vergi və gömrük rüsumları yeni qayda ilə hesablanacaq

İdxal malları üzrə vergi və gömrük rüsumları yeni qayda ilə hesablanacaq.

TIME Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, idxal malları üzrə vergi və gömrük rüsumları malın gömrük dəyərindən hesablanır. Bu baxımdan gömrük dəyərinin düzgün müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Təklif olunan qanun layihəsi malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit edir.

Dəyişikliyə əsasən, malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və malların buraxılışının təmin olunması təklif olunur. Malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Əgər həmin müddətdə (yəni 24 saat ərzində) gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyəri təsdiq edilməzsə, bəyannaməçinin malların buraxılması ilə bağlı gömrük orqanına müraciət etmək (o cümlədən elektron qaydada) hüququ yaranır.

Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcəkdir.

Leave a ReplyCancel reply