2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111,0 milyon manatlıq, o cümlədən 25354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb.
2022-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Qeyd edək ki, Avropa ölkələrində ev təsərrüfatlarının büdcələri ilə bağlı məlumatlara əsaslanan araşdırma zamanı Lüksemburq sakinlərinin bütün digər avropalılara nisbətən yeməyə daha az pul xərclədiyi – onların xərclərinin yalnız 8,4 faizi ərzağa düşdüyü məlum olub.
Ekspertlərin fikrincə, iqtisadi cəhətdən inkişaf etmiş Qərbi Avropa ölkələri reytinqdə liderdir. Lüksemburqdan sonra müvafiq olaraq 8,7 və 10,5 faiz payla Hollandiya və Böyük Britaniya gəlir.
İstehlak xərclərində ərzaq xərclərinin ən böyük payı keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin vətəndaşları arasındadır. Xərclərin strukturunun 35 faizindən çoxu Moldova, Şimali Makedoniya, Belarusiya və Bolqarıstan sakinlərinin ərzağına düşür. 39 ölkənin dərc etdiyi reytinqdə Rusiya 32,2 faiz göstərici ilə 31-ci yerdə qərarlaşıb. Onun reytinqdə ən yaxın qonşuları Litva və Rumıniyadır.
Analitiklər ərzaq xərclərinin payı ilə dövlətin adambaşına düşən ÜDM-i arasında sıx korrelyasiya olduğunu qeyd edirlər – sakinlər ərzaq almağa nə qədər az pul xərcləyirlərsə, ikinci göstərici bir o qədər yüksək olur. Əhalisi varlı və həyat səviyyəsi yüksək olan ölkələrdə ərzağa xərclərin payı adətən aşağı olur.