Yeni ildə dövlət tərəfindən sosial təminat istiqamətində hansı tədbrilər görüləcək?

Gələn il də əhalinin, şəhid ailələrinin, qazilərin sosial təminatının gücləndirilməsi, inflyasiya nəzərə alınaraq əhalinin həssas qruplarına sosial dəstək verilməsi davam etdiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin 67 faizi və ya 15,2 milyard manatı sosialyönümlü olacaq.

Qeyd edək ki, bu gün 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.

Bununla yanaşı, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər həyata keçirilir, ehtiyat fondları yaradılır.

Baş nazir qeyd edib ki, Azərbaycanın özünü ərzaq təminatı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək.

“Azərbaycanın ümumi torpaq fondu 8.6 milyon hektar təşkil edir və kənd təsərrüfatına yararlı torpaqlar 4.8 milyon hektar təşkil edir”, – deyə o əlavə edib.

Azərbaycanın dərman tədarükü kimi mühüm məsləyə toxunaraq baş nazir dərman vasitələrinin 95 faizindən çoxunu idxal edildiyini qeyd edib.

Baş nazir bildirib ki, Azərbaycan dərman vasitələrini əsasən Rusiya, Türkiyə, Ukrayna, Belarusiya və digər ölkələrdən idxal edir.

O qeyd edib ki, regional və qlobal geosiyasi gərginlik idxal olunan dərman vasitələrinin qiymətinə də təsir göstərir.

Baş nazir bildirib ki, ölkəyə dərman idxalını yaxşılaşdırmaq üçün Səhiyyə Nairliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, baş nazir Azərbaycanda fiziki şəxslərin xaricdən şəxsi istehlak üçün ölkəyə gətirdikləri zəruri dərmanın miqdarı müəyyən ediləcəyinidə bildirib.

Bununla bağlı təkliflərin hazırlanması məsələsi müvafiq qurumlara tapşırılıb.

“Milli Məclisin Səhiyyə komitəsini və millət vəkillərini də bu istiqamətdə öz təkliflərini irəli sürməyə dəvət edirəm”, – deyə Ə.Əsədov vurğulayıb.

Baş nazir Əli Əsədov qiymət artımlarına da münasibət bildirib.

Baş nazir vurğulayıb ki, son dövrdə müşahidə olunan regional və qlobal siyasi gərginlik, Rusiya və Ukrayana arasında münaqişə, qlobal təchizat zəncirində qırılma, logistika xərclərinin artımı bahalaşmaya, qıtlığa, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub.

Leave a Reply