Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV artırılır.
TIME bildirir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən idxal olunan məhsullar ƏDV-dən azad edilir.
Qanunvericilikdə təklif olunan dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi də təklif olunur.
Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.