Azərbaycanda mobil telefonlarla bağlı yeni qadağalar və cərimələr tətbiq ediləcək

Azərbaycanda mobil telefonlarla bağlı yeni qadağalar və cərimələr tətbiq ediləcək.

TIME bildirir ki, bu məsələlər Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir. Belə ki, sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə yeni təklif edilən maddədə mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə cərimələr müəyyən edilməsi müzakirə edilib.

Dəyişikliyə əsasən, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək. Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun qəbul edildiyi halda 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycanda smarftonların qiyməti xarici ölkələrlə müqayisədə 500 dollar bahadır.

Onun sözlərinə əsasən, dələduzlar qanunvericilikdə ki boşluqlardan istifadə edib telefonu baha qiymətə satırlar. “Bu qiymətlərə nəzarət etmək, aşağı salmaq lazımdır. Qoy 200 dollar fərq olsun, ancaq 500 dollar yox”, – deyə o qeyd edib.

Deputat həmçinin mobil telefonların qeydiyyata alınması üçün əlavə ödənişi də aradan qaldırmağı təklif edib.

Leave a Reply