Bakının nəqliyyat problemləri tramvay və trolleybus xəttinin çəkilməsi ilə həll olunacaqmı?

Ölkədə ümumi 1 milyon 700 minə yaxın avtomobil var. Onlardan 70 faizdən artığı Bakıdadır. Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın nəqliyyat problemlərinin aradan qaldırılması üçün görüləcək işlər ilə bağlı açıqlamalar verib.

TIME bildirir ki, bu gün Bakı Nəqliyyat Agentliyi xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransı keçirib. Konfransda paytaxtımızın nəqliyyat problemlərindən bəhs edilib və onların həlli istiqamətində görüləcək işlərdən danışılıb.

Konfransda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qayda pozuntularının daha çoxu səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır.

“Hələ də avtobus zolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir. Yanvar ayından bu yana 11 ay ərzində Bakıda İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi – nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev avtobus parkının yenilənməsindən bəhs edərək qeyd edib ki, son 7 ildə paytaxtda istismarda olan avtobusların 70%-dən çoxu yenilənib.

O bildirib ki, pandemiyadan öncəki dövrdə avtobuslarla sərnişin səfər sayları hər il artıb:

“2016-cı ildə 629 milyon, 2017- də 659 milyon, 2018-ci ildə 704 milyon, 2019-cu ildə 801 milyondan artıq sərnişin səfər sayı olub. 2016 və 2018-ci illər aralığında sərnişin səfər sayı 170 milyon, yəni 27 %-dən çox artıb. Ama pandemiyanın gəlişi ilə səyahət sayında 50 %-ə qədər azalma oldu. Bu tendensiya dünyanın bütün şəhərlərində müşahidə edildi. Təhlillər göstərir ki, həmin şəhərlərdə son iki ildə ictimai nəqliyyata etibar yenidən artmağa başlayıb. Buna onlar yollarda avtobus zoıaqlarının tətbiqi ilə nail olub. Misal olaraq Tiflis şəhərini göstərə bilərik”

Bunu nəzərə alaraq qurumun rəsmisi tıxacların aradan qaldırılması məqsədi ilə avtobus zolaqlarının təşkilini zəruri hesab edildiyini qeyd edib.

M. Ağayev xatrıladıb ki, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müzakirələr nəticəsində Bakıda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb və qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub.

“Bunlar əsasən Bakıda ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yolların buraxıcılıq imkanlarının artırılması, ictimai nəqliyyatın daha səmərəli olması ilə bağlıdır. Daha doğrusu 7 A müntəzəm marşrut xəttinin keçdiyi küçə və prospektlərdə əlavə avtobus zolaqlarının olmasıdır.

Son aylar Bakınln nəqliyyat sistemində sıxlıqlar, dayanacaqlarda sərnişinlərin keçirdiyi əsəb, stress, avtobusların hərəkət intervalında gecikmələr şəhər nəqliyyatl ilə bağlı prioritetlərin dəyişdirilməsini ortaya qoyur. Dayanıqlı şəhər mobilliyi üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir”, – M.Ağayev bildirib.

Gələcək planlardan bəhs edərək M. Ağayev Abşeron rayonunun Xırdalan şəhərindən Bakı istiqamətinə xüsusi avtobus zolağı çəkilə biləcəyini deyib.

“Xüsusi avtobus zolağı əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb. Hazırda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Xırdalan-Bakı arasında ictimai nəqliyyat əlaqəsinin qurulmasında Bakı-Xırdalan avtomobil yolu ən vacib dəhlizlərdən biridir. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq”, – M.Ağayev deyib.

BNA rəsmisi Bakıda tramvay və troleybusların çəkilişi layihələrinin əhəmiyyətindən danışıb.

“Hazırda Bakıda ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir. Metronun hərəkəti məhduddur, ona görə də yük avtobusların üzərinə düşür. Yaranan tıxaclarla bağlı əhalinin qınaq obyektinə çevrilməmizin əsas səbəbi də elə budur. Əvvəllər ictimai nəqliyyat vasitələri kimi alternativ nəqliyyat vasitələri, o cümlədən, tramvay və troleybuslar var idi. Hazırda əhalinin sayı da xeyli artıb. Qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyon əhali yaşayır. Tramvay və troleybusların olmasını biz də təqdir edirik. Bildiyimizə görə, şəhərin Baş planında bu məsələ var idi. Lakin uzunmüddətə reallaşacaq plana aiddir”, – BNA rəsmisi deyib.

Leave a Reply