Üçtərəfli bəyanatların bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilmir.
TIME Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
“Təəssüflə qeyd etməliyik ki, üçtərəfli bəyanatın bir sıra fundamental müddəaları hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Onların arasında üçtərəfli bəyanatda nəzərdə tutulsa da, erməni birləşmələrinin hələ də Azərbaycan ərazilərindən tam çıxarılmamasını qeyd etmək istərdim. Həmçinin, mina məsələləri problemlidir. Bizim böyük faciəvi nəticələrimiz var. Hər həftə praktiki olaraq mina sahələri xəritələrinin natamam və qeyri-dəqiq təqdim edilməsi faciəvi nəticələrə gətirib çıxarır. 268 nəfər mina qurbanı olub, onlardan 45 nəfəri həyatını itirib və onların 25-i mülki şəxsdir”, – deyə Ceyhun Bayramov qeyd edib.
Azərbaycan tərəfi hesab edir ki, ilin sonunadək danışıqların üçüncü raundu keçiriləcək.
Nazir görüşdə Bakının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirdiyini qeyd edib.
C. Bayramov görüş zamanı onuda deyib ki, normallaşma prosesində əsas məsuliyyət Azərbaycan və Ermənistan tərəflərinin üzərinə düşür və düşməlidir.
“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələnin maksimum dərəcədə tezliklə həllini hədəfləyir. Azərbaycanla Ermənistan arasında həll olunmamış bütün dolaşıq məsələləri yaxın gələcəkdə razılaşdırmaq qeyri-realdır”, – C. Bayramov qeyd edib.