Azərbaycan sülh sazişinin layihəsini Ermənistana təqdim edib

Azərbaycan sülh yolu ilə nizamlanma haqqında saziş layihəsi hazırlayıb və onu Ermənistana təqdim edib.

TIME Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan tərəfi hesab edir ki, ilin sonunadək danışıqların üçüncü raundu keçiriləcək.

Nazir Şimal-Cənub marşrutu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, bu marşrutun potensialı daha böyükdür.

“Bu ilin 10 ayının yekunlarına görə, ticarət dövriyyəsi 3 milyard dolları ötüb və bu, təqribən 20 faiz artım deməkdir. İnanırıq ki, bu müsbət tendensiya bu ilin sonuna kimi qorunub saxlanılacaq. Biz bu gün ayrı-ayrılıqda müzakirə etdik və fəaliyyətdə olan Şimal-Cənub layihəsinin təşviqinin zəruriliyinə xüsusi diqqət yetirildi. Lakin biz bu layihənin potensialının daha böyük olduğuna inanırıq”, – deyə Ceyhun Bayramov bildirib

Xəzər dənizinin hüquqi statusu ilə bağlı sualı şərh edərək nazir bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tam ratifikasiyasını təmin etmək üçün əlavə səylər göstərməyə dəyər.

“Xəzəryanı dövlətlərin başçılarının beşinci zirvə görüşündə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzər dənizində gələcək qarşılıqlı fəaliyyətin arxitekturasının əsasını qoydu və bu əsası müəyyən etdi. Hesab edirik ki, tam ratifikasiyanı təmin etmək və bütün region ölkələri tərəfindən ratifikasiya prosesini başa çatdırmaq üçün bu istiqamətdə əlavə səylər göstərməyə dəyər”, – deyə o bildirib.

Nazir Bakının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirdiyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı onuda deyib ki, normallaşma prosesində əsas məsuliyyət Azərbaycan və Ermənistan tərəflərinin üzərinə düşür və düşməlidir.

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələnin maksimum dərəcədə tezliklə həllini hədəfləyir. Azərbaycanla Ermənistan arasında həll olunmamış bütün dolaşıq məsələləri yaxın gələcəkdə razılaşdırmaq qeyri-realdır”, – C. Bayramov qeyd edib.

Nazir onuda qeyd edib ki, üçtərəfli bəyanatların bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilmir.

“Təəssüflə qeyd etməliyik ki, üçtərəfli bəyanatın bir sıra fundamental müddəaları hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Onların arasında üçtərəfli bəyanatda nəzərdə tutulsa da, erməni birləşmələrinin hələ də Azərbaycan ərazilərindən tam çıxarılmamasını qeyd etmək istərdim. Həmçinin, mina məsələləri problemlidir. Bizim böyük faciəvi nəticələrimiz var. Hər həftə praktiki olaraq mina sahələri xəritələrinin natamam və qeyri-dəqiq təqdim edilməsi faciəvi nəticələrə gətirib çıxarır. 268 nəfər mina qurbanı olub, onlardan 45 nəfəri həyatını itirib və onların 25-i mülki şəxsdir”, – deyə Ceyhun Bayramov qeyd edib.

Leave a Reply