250-dən çox binada istilik problemləri yaşanır


Mövsümdən öncə “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib. Bununla bağlı aidiyyəti qürumlara müvafiq məlumat verilib.

TIME bildirir ki, bu məlumatı istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev açıqlayıb.

Onun sözlərinə əsasən, hazırda 191 yaşayış binası, 19 təhsil müəssisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb.

“Azəristiliktəchizat” ASC-nin məsul şəxsləri Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir.

Qurum rəsmisi həmçinin qeyd edib ki, ölkə üzrə məktəblərin 92%-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına həyata keçirilir.

Yalnız 8%-i “Azəristiliktəchizat” ASC-ə məxsus qazanxanalar vasitəsi qızdırılır.

“Azəristiliktəchizat”-ın rəhbəri onuda bildirib ki, pilot layihə çərçivəsində qeyri-əhali istehlakçıları üçün 50-yə yaxın sayğacın quraşdırılmasını planlaşdırır.

Onun sözlərinə görə, pilot layihənin əsas məqsədi “Azəristiliktəchizat”ın fəaliyyətinin səmərəliliyini, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursları daha effektiv planlaşdırmaqdır:

“Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3 500-ə yaxın isti su sayğacı alınaraq quraşdırılmasına başlanılıb”, – deyə o, qeyd edib.

Brifinqdə bildirilib ki,  1 noyabr 2022-ci il tarixinə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6489,4 min manat ödənilməmiş borc məbləği mövcuddur.

Ümumilikdə, hesabat dövründə əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90,8% təşkil edib.

Leave a Reply