Kişilər də uğursuz nikahların qurbanı olurlar

Qadınlar qədər kişilər də uğursuz nikahların qurbanı olurlar.

TIME TurkicWorld-a istinadən bildirir ki, Türkiyəli tanınmış psixoterapevt Ayşegül Keskin hesab edir ki, ancaq nədənsə kişilərin bu problemli ailələrdə “qurban” olması haqqında daha az danışılır.

“Problemli evliliklərdə sadəcə qadın qurbandırmı, yoxsa kişi də qurbandır. Əslində bu kimi evliliklərdə qadının və ya kişinin qurban olması çox da fərqli deyil. Yalnız qurban olan fərdlərin “qurban” verdikləri şeylər dəyişir. Bu gün qadınlara qarşı fiziki və emosional zorakılıq çox qabarıqdır və bunun haqlı səbəbləri də var ” – deyə A.Keskin bildirib.

A.Keskinin sözlərinə görə, əslində, nə qədər çox qadın qurban olarsa, bir o qədər də kişi qurban olur, çünki bu qarşılıqlı təsirdir.

“Kişi və qadın münasibətləri tarazlıq təşkil etməlidirlər. Bu tarazlıqlar pozulduqca hər iki tərəf əziyyət çəkir. Əgər iki tərəf bir-birini incidirsə, münaqişə və inadkarlıq başlayır. Evlilikdə problem varsa və ya olacaqsa, buna görə, ər və arvad eyni dərəcədə günahkardırlar”- deyə o qeyd edib. A.Keskin bildirb ki, təbiət etibarı ilə kişi və qadının rolları fərqlidir və rollar pozulduqda, qarşıdurmalar və qarışıqlıq yaranır.

Onun fikrincə, bu kimi halların qarşısını almaq üçün kişi və ya qadın həyat yoldaşı ilə eyni komandanın oyunçuları olduqlarını başa düşməlidir, çünki ər və arvad bir-birinə rəqib deyillər.

“Ailədə kişi və qadın eyni istiqamətə baxan və eyni məqsədə can atan cütlüklərdir. Ər və arvadı rəqib görən və bunun üçün çalışan hər hansı bir quruluş ailəni dağıtmaq məqsədi güdür. Təəssüf olsun ki, bunun üçün daha çox qadınlardan istifadə edir. Qadını “ərinə qulluq et, uşaqlara bax, pulunu evə ver, özün üçün yaşa” kimi fikirlərə qarışdırırlar. Kişiləri qadınlara təhdid kimi təqdim etmək tələdir. Bu çox ciddi təhlükədir. Əgər kişi səhv edirsə, bu barədə sakitcə danışmağı bacarmaq vacibdir, çünki insan çarəni yalnız dialoq yolu ilə sakit şəraitdə tapmaq bilər.

A.Keskin hesab edir ki, qadın döyüşdükcə həll yolundan uzaqlaşır. Onun fikrincə, yaradılış və təbiət etibarilə, qadına idarəetmə və işi aparmaq daha asandır, kişilərdə bu xüsusiyyət yoxdur.

“Kişilərin genetik kodu isə, daha çətin həyat tərzinə uyğundur. Bundan əlavə, müasir həyatımızda kişi və qadının bir-birinə etibarı da sarsılıb. Ailə daxilində ər və arvadın bir-birindən şübhələnməsi böyük problemlərə səbəb olur. Bir-birinə güvənməyən ər-arvad aqressivləşir, qəzəbli olurlar və evlilikdə ən vacib maddələrdən biri olan “xoş rəftar” ortadan qalxır. Etibarı təmin edən ən böyük amil xoş niyyət və rəftara bağlıdır. Təəssüf olsun ki, ailədaxili öhdəlik olmayan yerdə ər-arvad bir evdə iki qərib olurlar və ailədə də ciddi problemlər başlayır. Bu problemləri aradan qaldırmaq üçün şüurlu olmaq və ərlə arvadın bir-birinə güvənməsi vacibdir. Qarşı tərəfi alçaltmaq və təhqir etmək yolverilməzdir. Özünü dəyərsiz hiss edənlər həyat yoldaşını qeyri-adekvat və dəyərsiz hiss etdirməyə çalışırlar ” – deyə o qeyd edib.

A.Keskin hesab edir ki , bəzən qadınlar özlərinin güclü olduğunu sübut etmək üçün, öz yaradılış təbiətlərinə zidd olaraq, özlərini kişilərə bənzətməyə və daha sərt və aqressiv olmağa çalışırlar.

“Bu kimi hallarda qadın daha çox əzilir və çünki təbiət etibarilə qadınlar daha həlim və mülayimdirlər. Hər hansı bir sərt davranış, eyni reaksiyaya səbəb olur. Cəmiyyətdə sərt qadın obrazı yaratmaq istəyənlər isə ilk növbədə cinsləri bir-birinə qarşı qoymaqdadırlar”. İstər ailə daxilində, istərsə də kollektivdə qadın və kişini bir-birinə düşmən edəcək, ailə birliyini pozacaq hər cür danışıq və fikirlərdən çəkinmək lazımdır. Sağlam gələcək və güclü dövlət yalnız və yalnız möhkəm ailə üzərində qurulur”, – deyə o bildirib.

Leave a Reply Cancel reply