Rəşad Dağlı törətdiyi qətlin təfərrüatlarını danışıb

Qətl törətməkdə təqsirləndirilən tanınmış meyxana ustası Rəşad Əmirovun (Dağlı) hadisəni törətmə səbəbi məlum olub.

TIME Trend-ə istinadən bildirir ki, qətlə yetirilən İsgəndər Mehtiyev son 15 gün ərzində Rəşad Dağlını şantaj edərək onun barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyib.

Məlumata görə, İ.Mehdiyev həbsdən azad olunduqdan sonra müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib.

İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda, barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib, şantaj edib.

O, sonuncu dəfə hadisədən bir gün əvvəl Rəşad Dağlıya zəng edərək ondan pul tələb edib. Buna görə də R.Dağlı İ.Mehtiyevlə görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi “Niva” markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvana gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb.

Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib və ona bıçaq çıxarıb. Bu zaman Rəşad Dağlı bıçağı onun əlindən alaraq döş qəfəsinə ardıcıl zərbələr endirərək qətlə yertirib.

Qeyd edək ki, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Mehtiyev 3 dəfə məhkumluq həyatı yaşayıb.

Belə ki, İ.Mehtiyev öncə 26 yaşında, 2005-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq) maddələri ilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. 2011-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 9 ildən 8 ilə endirilib və onun cəzası bitdiyi üçün azadlığa buraxılıb.

2014-cü ildə İ.Mehtiyev Yasamal rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum edilib və 2 il cəza çəkib. Sonuncu dəfə isə bu il 9 ay azadlıqdan məhrum edilən həmin şəxs məlum hadisədən 14 gün əvvəl azadlığa buraxılıb.

Leave a Reply