Bakıda qətl törətməkdə təqsirləndirilən tanınmış meyxana ustası Rəşad Əmirov (Dağlı) barəsində həbs qəti imkan tədbiri seçilmək üçün bu gün Qaradağ rayon məhkəməsinə gətirilib.
TIME Trend-ə istinadən bildirir ki, Rəşad Dağlı hüquq mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə məhkəmə binasına daxil olub. Hazırda onun həbsi ilə bağlı məhkəmə prosesi keçirilir.
Prosesə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, tanınmış meyxana ustası Rəşad Dağlı noyabrın 09-u saat 05 radələrində Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib.
Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir