Zəfər Günün Mübarək, Azərbaycan!

Bu gün Azərbaycan xalqı 8 noyabr Zəfər Gününü qeyd. Bu gün bizim misli olmayan qələbəmizin, bir xalq və dövlət kimi qüdrətimizin tarixə yazıldığı gündür, bu gün bizim şərəf və qürur günümüzdür.

8 noyabr Azərbaycanda İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gündür. Bu eyni zamanda həm anım, həmdə bayram günümüzdür, kədər və sevinc günümüzdür. 

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrildi.

Ermənistanla 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi. Prezident İlham Əliyev qələbə ilə bağlı xalqa müraciət etdi.

Azərbaycan xalqının sevincinin həddi-hüdudu yox idi, bu qələbə xalq və dövlət birliyinin, dövlət başçısının müdrikliyi və çevik siyasəti nəticəsində, şəhidlərimizin və qazilərimizin canı və qanı sayəsində qazanıldı.

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Azərbaycanın Zəfərə çatmasında Türkiyənin və Pakistanın mənəvi və siyasi dəstəyi, qardaşlığı böyük rol oynadı.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu.

Zəfər Günün Mübarək, Azərbaycan!

Leave a ReplyCancel reply