İlin sonunadək pensiyalar 14,2% artacaq

Növbəti ilin sonunda orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat olacağı proqnozlaşdırılır.

TIME rəsmi mənbəyə istinadən bildirir kibu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Qeyd edilir ki, cari ilin I yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4%), əlilliyə görə pensiyalar 31,8 manat (10,9%), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat (10,3%) artmışdır ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və cari ilin 01 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş verib.

Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilib.

İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılıb. Belə ki, növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır.

Növbəti ilin sonunda isə orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat olacağı proqnozlaşdırılır. Hüquqi aktlara əsasən indeksləşmənin orta aylıq əmək haqqının artım tempinə uyğun aparıldığını diqqətə alaraq, qeyd etmək olar ki, pensiyaların orta aylıq məbləğində nəzərdə tutulmuş artım tempi cari ilin əvvəli ilə müqayisədə sonuna orta aylıq əmək haqqının 14,5% səviyyəsində artımına uyğundur.

Leave a Reply Cancel reply