Vergi ödəyiciləri üçün müsabiqə keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən innovasiya ekosisteminin inkişafına töhfə verən potensial iştirakçıları təşviq etmək məqsədilə “IDDA Awards” müsabiqəsi keçiriləcək. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqədə iştirak üçün sentyabrın 21-dən başlamış qeydiyyat prosesi hazırda davam edir. Dekabrın 2-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu “Innovation Summit” zirvə toplantısı çərçivəsində qaliblərin mükafatlandırılması baş tutacaq.

“IDDA Awards” müsabiqəsində Azərbaycan innovasiya ekosisteminin inkişafında fəal iştirak edən namizədlər arasında 9 nominasiya üzrə mükafatlandırma aparılacaq. Müsabiqənin şərtləri ilə tanış olmaq və müvafiq nominasiyalar üzrə namizədliyini irəli sürmək istəyən vergi ödəyiciləri (həm fiziki, həm də hüquqi şəxslər) awards.idda.az səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər. Qaliblərin müəyyən edilməsində həm səsvermə, həm də münsiflər heyətinin qərarı əsas götürüləcək.

Bu təşəbbüs ekosistemin ən perspektivli innnovatorlarını aşkar etmək, onları ictimaiyyətə tanıtdırmaq və innovasiya sahəsinə olan marağı artırmağa, ekosistemə töhfə verən yüzlərlə lokomotivləri aşkar edərək perspektivdə onlar arasında konstruktiv əməkdaşlığın təmin edilməsinə hədəflənib.

Leave a Reply