Bir neçə rayonun mərkəzi xəstəxanalarında hemodializ qurğuları işləmir

Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına hemodializ qurğularının veriməsinə baxmayaraq tibb müəssisələrində bu günədək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilir.

TIME Hesablama Palatasının bülleteninə istinadən bildirir ki, “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində, Proqramın məqsədlərinə nail olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi, daxili nəzarət üzrə müvafiq tədbirlərin, o cümlədən zəruri monitorinqlərin həyata keçirilməməsi bəzi rayonlarda hemodializ şöbəsinin yaradılmaması, bir sıra hallarda isə yaradılaraq avadanlıqlarla tam təmin edilməməsi ilə nəticələnib.

Belə ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına (bundan sonra – RMX) 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamamış, əhaliyə digər rayonlarda xidmət göstərilib.

Hemodializ şöbələrinin laborator imkanlarının məhdudluğu, analiz cavablarının bəzi hallarda tam səhih olmaması, böyrəkköçürmə əməliyyatı icra edilmiş xəstələrə xüsusi reabilitasiya proqramlarının təşkilinin zəruri olması və hazırda TƏBİB-in tabeliyində olan reabilitasiya tipli tibb müəssisəsinin maddi-texniki bazasının bu xidmətin həyata keçirilməsi üçün uyğun olmaması tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizat səviyyəsində müəyyən çatışmazlıqların mövcudluğunu qeyd etmək imkanı verir.

Bu amil, eləcə də yuxarıda göstərildiyi kimi, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurub, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməyib.

Leave a Reply