İxrac olunan təbii qaz həcmləri 16% artıb

SOCAR üzrə 2022-ci ilin üçüncü rübündə 18 min metrdən artıq qazma işləri həyata keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrdən artıq qaz hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 % artıb. Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.

2022-ci ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan artıq neft, 11 milyard kubmetrə yaxın qaz hasil edilib.

Cari ilin 3-cü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən ixrac edilən neftin həcmi 7,4% artaraq 4,8 milyon ton təşkil edib. SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.

Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16% artaraq, 5,2 milyard kubmetr olub. SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 faiz artıb.

Hesabat dövründə ölkə daxilində 2,5 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.

Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft, 898 milyon kubmetr qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb.

Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Leave a Reply Cancel reply