Şəhid ailələri, müharibə əlilləri və imtiyazlı şəxslərə mənzillər təqdim olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, müharibə əlilləri və
imtiyazlı kateqoriyadan olan digər şəxslərə (Çernobıl əlilləri, gözdən əlilliyi olan şəxslər) daha 50
mənzil təqdim edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mənzillərin sənədlərinin təqdim edilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır.

Bu işlər çərçivəsində onların mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Habelə imtiyazlı
kateqoriyadan olan digər vətəndaşlarımızın mənzillə təminatı tədbirləri geniş vüsət alıb.

Qeyd olunub ki, bu gün Abşeron və Bakının Sabunçu, Binəqədi rayonlarındakı yeni yaşayış
komplekslərində təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə
postmüharibə dövründə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib.
Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub
ki, artıq 1000-ə qədəri təqdim edilib.

Çernobıl əlilləri və gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı işləri də davam etdirilir.
Çernobıl əlillərinə 2021-ci ildə 258, bu ilin ötən dövründə 64, gözdən əlilliyi olan şəxslərə ötən il
255, 2022-ci ildə isə 149 mənzil təqdim edilib.

Yeni mənzillərlə təmin edilən imtiyazlı şəxslər dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə
onlara mənzillər verildiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Leave a Reply