“Mahnı belə yaranır” filminə Bakıda niyə biganə qalıblar

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi  “Mahnı belə yaranır” filmidir, çəkilişindən 65 il keçdi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 1957-ci ildə “Bakı kinostudiyası” bioqrafik dram janrında olan “Mahnı belə yaranır” tammetrajlı bədii filmini istehsalata buraxdı.

Yazıçı, kinodramaturq Roman Fatuyevin ssenarisi əsasında çəkilən filmə görkəmli rejissorlar Rza Təhmasib və Mikayıl Mikayılov quruluş verib.

Film XX əsrin məhşur Dağıstan şairi, xalq aşığı Süleyman Stalskinin (Süleyman Həsənbəyov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir.

Filmin ədəbi ssenarisinə dəyişikliklər edildi

1950-ci ildə kinodramaturq Roman Fatuyev Dağıstan şairi Süleyman Stalskinin həyat və yaradıcılığına həsr etdiyi, tammetrajlı bədii film üçün nəzərdə tutulan ədəbi ssenarini Bakıya gətirir. Ədəbi ssenari qəbul olunsa da onun üzərində geniş formalı müzakirələr keçirilir və bir neçə dəyişikliklərin olmasını vacib hesab edilir.

Müəlliflərin iştirakı ilə keçirilən müzakirənin 40 səhifəlik stenoqrammasından görünür ki, iclasda çıxış edənlər – Razumovski, Kalaşnikov, Xersonski, Şvedov, Qromov və başqaları ədəbi ssenarini ətraflı analiz etmiş, obrazların səciyyəsini, tarixi, inqilabi hadisələri, xalqın həyatını, yaşayışını, qəhrəmanı-xalq aşığını formalaşdıran mühitin həqiqətə uyğunluğunu dərindən təhlil etmişlər.

Yeri gəlmişkən, həmin müzakirədə Rza Təhmasib də iştirak etdiyi üçün heç də müzakirəyə biganə qalmayıb. Yuxarıda adları çəkilən insanların film haqında fikirləri təbii qəbul olunsa da, ssenaridəki söhbətin əsasən Bakıda cərəyan etməsi məsələsi bilavasitə yerli rejissor tərəfindən dərindən təhlil olunmalı idi ki, buna da müəyyən mənada imkan verilib. Belə ki, Rza Təhmasib iclasda çıxış edərək ssenaristlə gördüyü səmərəli işindən və filmdə görmək istədiyi məqamlardan – Bakı tətilləri, şəhərin inqilabi ruhunun, nəfəsinin Dağıstan əməkçilərinə təsirindən – danışıb.

Bütün söhbətlər, məsləhətlər səmimi qəbul olunsa da sonda ssenari üzərində yenidən işləmək tövsiyə olunur.

Film çəkildikdən 7 il sonra tamaşıçılara təqdim edildi

Rza Təhmasiblə Roman Fatuyev ssenari üzərində yenidən işləməyə başlayırlar. Bu da bir daha sübut edir ki, rejissor ssenarisi üzərində iş aparan Rza Təhmasib Roman Fatuyevin müdaxiləsinə etinasız yanaşa bilməyib.

Rza Təhmasibin ev arxivində üzərində “Mahnı belə yaranır” yazılmış 14 noyabr 1950-ci ilə aid rejissor düzəlişləri 6 bənddən ibarətdir:

  • Ssenari həcmcə çox böyükdür, mümkün qədər yığcamlaşdırmaq tələb olunur.
  • Xüsusilə ekspozisiya çox uzundur, ayrı-ayrı epizodlar dramatik situasiyaların olmasına baxmayaraq təsvirçilik xarakteri daşıyır.
  • Maqoma obrazını dəqiqləşdirmək lazımdır. Onun inqilabi hadisələrdə iştirakı üçün bu çox vacibdir. Süleymanla arasındakı yaş fərqi də azalmalı, cavanlaşdırılmalıdır.
  • Məriyatın atası kimi təqdim olunan obraz qardaşı kimi qələmə verilməlidir.
  • M.Qorkinin xəttini gücləndirmək üçün rus yazıçısının Dağıstan xalqının nəğməkarı ilə bağlı taleyinin köklərini göstərmək labüddür.
  • Ssenarinin finalı barədə ciddi düşünmək lazımdır.

Rejissor bu bəndləri ssenarinin 21 epizodunda realizə etməyi nəzərdə tutub və nəticədə filmin çəkilişləri bir neçə il fasilədən sonra başlayıb.

Araşdırmaya əsasən o da məlum olur ki, Roman Fatuyevin əsərinin təsdiqi çox vaxt apardığı üçün 7 illik fasilə olub.

Rza Təhmasiblə Mikayıl Mikayılovun növbəti birgə işi uğurlu alınıb

O dövrdəki ənənəyə görə çəkilən hər bir filmə iki rejissor təsdiq olunurdu. Çox az-az hallarda hər hansı bir ədəbi ssenarinin çəkilişi yalnız bir rejissora həvalə olunub.

“Mahnı belə yaranır” filminin də yaradıcı heyəti müəyyənləşən zaman rejissor işinə Rza Təhmasiblə birgə Mikayıl Mikayılov da təsdiq olunur.

Xatirələrdən belə məlum olur ki, Bakı kinostudiyasının korifeyi hesab olunan Mikayıl Mikayılovun “Mahnı belə yaranır” filminin yaranmasında böyük zəhməti olub.

Filmin sınaq çəkilişlərinə bir neçə ay vaxt ayrılmasına baxmayaraq sonda Rza Təhmasibin ssenariyə əsasən rollara uyğun gördüyü aktyorların ifası əsas götürülüb. Maqoma rolunun sınağına Çerkasov, Otello rolunun məhşur ifaçılarından biri olan Vladimir Vasilyeviç Txarsayev dəvət olunublar. Sonda üstünlük V.Txarsayevin ifasına verilib və o Maqoma roluna təsdiq olunub. Dramatik obraz hesab olunan Bədirxan roluna isə Azərbaycan səhnəsinin unudulmaz komediya ustası Məmmədəli Vəlixanov təsdiq olunub.

Bir çox axtarışlardın sonra Stalski roluna Mahaçqala Teatrının aktyoru Konstantin Slanov təsdiq olunur. Bu seçimin kim tərəfindən həyata keçirilməsi barədə dəqiq məlumat olmasa da əsas olan o idi ki, aktyor seçimi uğurlu idi.

Yeri gəlmişkən, filmdə Biçexarov roluna filmin rejissorlarından biri Mikayıl Mikayılov çəkilib. Təsadüfi deyil ki, Mikayıl Mikayılov bir çox filmlərdə aktyor kimi özünü sınamışdı. Həmin filmlər sırasında “Bakıda küləklər əsir” filmi də var ki, həmin filmdə də Rza Təhmasiblə Mikayıl Mikayılovun möhtəşəm tərəfmüqabil işi diqqətdən yayınmır.

Moskvada maraqla qarşılanan filmə Bakıda biganə qalıblar

Əsas çəkilişləri Bakıda və Mahaçqalada lentə alınan film tez bir vaxtda hazır olunmuş və Moskvanın baxışına təqdim olunmuşdu. Filmi bəyənən Moskva onu tamaşaçıların baxışına təqdim edir.

Əcnəbi filmlərinə baxan paytaxt əhli Dağıstan şairinin-aşığının həyatına, inqilabi hadisələrin ekran həllinə və ən əsası isə maraqlı aktyor oyununa biganə yanaşıblar. Məhz bunun nəticəsidir ki, filmin ekran ömrü çox qısa olub. Bununla bağlı Rza Təhmasibin qızı öz xatirələrində yazır: “Elə həqiqətlər olur ki, onları təsdiq edən heç bir arxiv sənədi, mətbu yazısı tapmaq mümkün olmur. Məhz belə həqiqətlər konkret şəraitdə, mühitdə doğulur, sonra isə yaddaşlarda tarixə çevrilir. Bununla əlaqədar məni belə bir sual düşündürür. Hecə olur ki, dünya ekranlarını fəth etmiş “Arşın mal alan” filminin rejissorunun sonralar quruluş verdiyi iki filmi “Bakının işıqları” və “Mahnı belə yaranır”(hər ikisində qüdrətli rejissorların və aktyorların iştirakına baxmayaraq) Bakının təkcə adi tamaşaçılarının deyil, hətta kino həvəskarlarını da maraqlandırmadı? Zənnimcə bunun cavabı bir mənalıdır – dramaturgiya. Yerli həyatı bilməyən, xalqı tanımayan, tarixindən, adətindən, milli xüsusiyyətlərindən xəbərsiz olan dramaturqların müdaxiləsi buna səbəb olub. Mən qəti olaraq o fikirdəyəm ki, həmin filmlər yerli müəlliflərin ssenariləri üzrə çəkilsəydi bu əsərlərin taleyi nisbətən uğurlu olardı. Bir neçə il bundan əvvəl “Ədəbiyyat və incəsənət” qəzetində çar olunmuş “Problemlərdən biri” məqaləmdəki bir fikrə qayıdıram: “Zəif pyesdən yaxşı tamaşa yaratmaq fikrinə inanmaq çətindir. Bu, şoranlığa axıdılmış saf suya bənzəyir”. Ekran əsəri də belədir. Bəs onda rejissoru bu filmlərin üzərində bu qədər əmək sərf etməyə məcbur edən nə idi? Çox təəssüf ki, heç bir arxiv sənədində, protokolda, mətbuat səhifəsində qeydə alınmayan yalnız konkret şəraitin doğurduğu səbəbləri indi araşdırmaq müşkül işdir. İki filmin-“Bakının işıqları” və “Mahnı belə yaranır” filmlərinin talesizliyi sənətkarı düşündürməyə bilməzdi. Səbəbi ona və yalnız o zaman ona məlum olsa da bu barədə aşkar, uca səslə danışmaq hələ mümkün deyildi. Odur ki, susurdu və yeni imkanla “səhvini” düzəltməyi arzu edirdi. Belə bir imkan 1959-cu ildə yarandı. Rza Təhmasibin qardaşı yazıçı Məmmədhüseyn Təhmasib vaxtilə yazdığı “Bahar” pyesinin motivləri əsasında işlədiyi kinossenarini studiyaya təqdim edir. Bədii Şuranın müzakirəsindən və tədqiqindən sonra gərgin iş başlanır və filmin quruluşçu rejissor işi Rza Təhmasibə tapşırılıb”.

Rza Təhmasibin kinorejissor kimi fəaliyyəti məhz “Onu bağışlamaq olarmı?” filmi ilə bitib.

Leave a Reply