Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşıladı.

Daha sonra Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.Dövlətimizin başçısı görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzərinə gül dəstəsi qoydu.Məlumat verildi ki, Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilən “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də açılıb. Memorial görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” – “Ataların məzarlığı” adlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib.
