Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyi birgə brifinq keçiriblər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, baş prokuror Kamran Əliyev bu gün keçirilən brifinqdə deyib ki, istər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülər araşdırılır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb və nəticələr olacaq.
“Təbii ki, bu kimi halların saxta və ya doğru olduğu araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan tərəfi yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan tərəfi isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır, deyə bilərəm ki, bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb və nəticələr olacaq”.
K.Əliyev bildirib ki, bəzi ölkələr və onların Azərbaycandakı səfirlikləri sosial şəbəkələrdə görüntülərlə bağlı birtərəfli mövqe tutur və narahatedicidir.
“Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq danışılmalıdır. Vaxtından əvvəl təşvişlə Azərbaycan hökumətinə təsir yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır”, – Baş prokuror əlavə edib.
Baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov deyib ki, 44 günlük vətən müharibəsi zamanı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.
O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir.