Göytürk dövlətinin qurucusuna aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib

Oktyabrın 4-də Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının, Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü və BDU-nun təşkilatçılığı ilə ikinci Göytürk dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının vitse- prezidenti Füzuli Məcidli, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serzhan Adykarimov, Macarıstan Səfirliyinin, TURKPA, Türk Mədəniyyəti və İrsi Fondunun və Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edib. 

Tədbirdə çıxış edən nümayəndələr yeni aşkarlanan yazılı daş kitabə və abidə kompleksinin türk dünyasında əhəmiyyətini, qədim tarixə malik olan yazı tariximizin və dəyərlərimizin qədim və zənginliyini qeyd edib.


Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası (BTA) və Monqolustan Elmlər Akademiyası tərəfindən aparılan birgə arxeoloji qazıntılar zamanı Monqolustanın Nomqon vadisində aşkar edilən türk dünyası üçün böyük əhəmiyyət daşıyan yazılı daş kitabə və abidə kompleksi təqdimatının Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə keçirilməsi nəzərdə tutulur.  26 sentyabr 2022-ci il tarixində “2022-ci il Türk dünyasının Mədəniyyət Paytaxtı” Bursa şəhərində sözügedən yazılı daş kitabə və abidə kompleksinin təqdimatı baş tutub. Eyni zamanda, 15 dekabr 2022-ci il tarixində UNESCO qərargahında təqdimatın keçirilməsi planlaşdırılır.
 

Leave a Reply