Energetika naziri Rumıniyada bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov Rumıniya  Beynəlxalq Qaz Konfransı çərçivəsində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas, Bolqarıstanın energetika naziri Rosen Xristov və Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Yunanıstan naziri ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə, Azərbaycandan təbii qazın tədarükünə dair məsələlər müzakirə edilib. Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılması istiqamətində Avropa İttifaqı ilə imzalanmış Strateji Tərəfdaşlıq Sənədi və enerji dialoqunun əhəmiyyətindən bəhs edilib. Dəhlizin genişləndirilməsi prosesinin sürətləndirilməsinin və lazımi dəstəklə təmin olunmasının vacibliyi vurğulanıb. Qeyd edək ki, bu il Yunanıstana qaz ixracı 1.1 milyard kubmetr proqnozlaşdırılır.

Bolqarıstanın energetika naziri ilə görüşdə isə ikitərəfli enerji əməkdaşlığının inkişafına dair məsələlər müzakirə edilib. Azərbaycandan  Bolqarıstana qaz ixracının artması yüksək qiymətləndirilib. Bildirilib ki, ilin sonuna Bolqarıstana 600 milyon kubmetr qaz ixracı planlaşdırılır ki, bu da qaz istehlakının 19 faizinin Azərbaycan hesabına ödənilməsi deməkdir. 

Həmçinin Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) oktyabrda kommersiya fəaliyyətinə başlaması,  Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü və elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivlərindən də bəhs edilib.

Nazir Pərviz Şahbazovun Türkiyənin energetika  və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə  görüşündə isə  Cənub Qaz Dəhlizinin inkişafı və enerji təhlükəsizliyinə Azərbaycanla Türkiyənin birgə töhfələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Rumıniya Beynəlxalq Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika naziri Virgil Daniel Popesku arasında görüş olub.

Görüşdə Rumıniyanın uzun illərdir Azərbaycanla xam neft, neft və neft-kimya məhsulları üzrə əməkdaşlığından məmnunluq ifadə edilib. SOCAR-ın Rumıniyanın 26 regionunda 68 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti faydalı ikitərəfli enerji əlaqələrinin göstərici kimi dəyərləndirilib.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində təbii qazın tədarükü və “yaşıl enerji”nin Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi kimi enerji əməkdaşlığımızın prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İşçi Qrupunun fəaliyyəti və layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Layihənin Gürcüstan enerjisistemini Rumıniya və Avropa enerjisisteminə birləşdirməklə Şərqi Avropa bazarının münasib qiymətə elektrik enerjisinə çıxışına töhfə verəcəyi bildirilib.

Həm Cənub Qaz Dəhlizi, həm də “yaşıl” enerji dəhlizi ilə bağlı inkişaf planlarının  Azərbaycan-Rumıniya enerji tərəfdaşlığına strateji əhəmiyyət qazandıracağı qeyd edilib.

Eyni zamanda, energetika naziri Pərviz Şahbazov “Gələcəyə körpü” devizi altında keçirilən 5-ci Rumıniya Beynəlxalq Qaz Konfrasında iştirak edib. Pərviz Şahbazov Rumıniyanın Baş naziri Nikolay Siukanın iştirakı ilə keçirilən nazirlər iclasında, həmçinin “Vizyondan reallığa” adlı nazirlər panelində çıxış edib.

Nazir enerji böhranının aradan qaldırılması üçün enerji bazarlarını balanslaşdıracaq şaxələnləndirilmiş tədarük mənbələrinin təchizi istiqamətində Azərbaycanın töhfələrindən bəhs edib: “İki ildən az bir vaxtda Avropa 16 milyard kubmetrdən çox qazla təchiz edilib. Avropaya qaz təchizatı 2022-ci ilin sonuna 40% artımla 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrə yüksələcək. Bu isə Cənub Qaz Dəhlizinin maksimum güclə işləməsinin, təchizatda fasiləsizlik və sabitliyin təsdiqidir. Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyindəki bugünkü rolu Azərbaycan Prezidenti cənab İlham Əliyevin vizyonunun real ifadəsidir.”

Energetika naziri enerji təhlükəsizliyinin təminatında növbəti addım olaraq 5 il ərzində Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd edib. Bildirilib ki, təbii qaz ixracının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması üçün boru kəmərlərinin ötürücülük gücünün və hasilatın artırılmasına investisiyalar yatırılmalı, müqavilələr imzalanmalı və texniki tədbirlər görülməlidir. “Bu layihənin sürətlə gerçəkləşdirilməsi bizim ümumi marağımızdır. İyulda imzalanmış Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu komanda şəklində fəaliyyətimiz üçün həlledici addımdır və bu, zəruri siyasi təminatı verir. İnanırıq ki, birgə siyasi iradə sayəsində Azərbaycan təbii qazı Avropaya enerji təhlükəsizliyi üçün həlledici olan bir vaxtda – 2027-ci ildə daxil olacaq.”

Uzunmüddətli perspektivdə isə Azərbaycanın Avropanın diversifikasiya prosesində bərpa olunan enerjini, hidrogeni təchiz edən mənbə olmasını təmin edəcək planları diqqətə çatdırılıb. Bu xüsusda, Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsində və “yaşıl enerji” dəhlizinin reallaşmasında Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsinin əhəmiyyəti vurğulanıb. Ölkəmizin “yaşıl enerji” üzrə də etibarlı tərəfdaşa çevriləcəyi və bu yeni əməkdaşlıq prioritetlərinin Rumıniya ilə enerji tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcəyi bildirilib.

Leave a Reply