Xidmət sahəsində çalışan fiziki şəxslər icbari sığorta ilə əhatə ediləcəklər

Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı açıqlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  komitənin iclasında komitə sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Tibbi tullantıların idarə edilməsi” və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılıb.

Komitə sədri gündəliyin üçüncü məsələsinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu və komitənin layihənin “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikləri müzakirə edəcəyini bildirib.

Layihə ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.

Adil Vəliyev sənədin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlandığını diqqətə çatdırıb. O, bildirib ki, layihədə əsasən iki kateqoriya üzrə – Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.

Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri İlham Məmmədov, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Kəmaləddin Qafarov gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər.

Çıxışlarda deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Komitə üzvləri şəhid ailələri və qazilərə tibb xidmətlərin göstərilməsinin, ailə həkimi və digər  sahələrin qanunla tənzimlənməsinin və “Əhalinin sağlamlığı haqqında” qanunun ekspertizasının aktuallığını da dilə gətiriblər.

Leave a Reply