Badam məhsulunun yığılmasına başlanılıb

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Saatlı rayonunda yerləşən “İD-Aqropark” MMC-də badam məhsulunun yığılmasına başlanılması ilə əlaqədar mediatur təşkil edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əkinçilik və bağçılıq üzrə ixtisaslaşan aqropark 7000 hektar ərazini əhatə edir.

Aqroparkın ümumi əkinə yararlı 6920 hektar sahəsinin 380 hektarında arpa, buğda, 15 hektarında silos qarğıdalı, 30 hektarında darı, 130 hektarında pambıq, 120 hektarında yonca əkilib, 316,5 hektar ərazidə isə badam və nar, 1 hektarında zeytun, 5 hektarında isə sınaq üçün quru meyvə tədarükü üçün bağ (quru meyvəlik bağda şaftalı, ərik, 3 növ gavalı ağacları əkilib) salınıb. Hazırda aqroparkda badam və pambıq yığımı həyata keçirilir.

Pambıq sahələrinin hər hektarından 30-35 sentner, badam bağlarından isə ümumilikdə 7 tondan çox məhsul toplanılması nəzərdə tutulur.

Yaxın günlərdə nar yığımına başlanılacaq və ümumilikdə 2500 tondan çox (hər hektardan 10 ton) məhsul əldə edilməsi planlaşdırılır. Yığılan nar daxili bazara satılmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunacaq.

Eyni zamanda, hazırda aqroparkda payızlıq arpa səpini aparılır və bu il 600 hektar ərazidə arpa və buğda əkilməsi nəzərdə tutulur. Aqroparkın ərazisinin qalan hissəsində əkinə hazırlıq işləri aparılır.

“İD-Aqropark”da müasir suvarma üsulları tətbiq edilir.

İndiyədək 21,7 milyon manat investisiya yatırılmış “İD-Aqropark” MMC-də 157 nəfər daimi, 300-dən çox insan isə mövsümi işlə təmin edilib.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilmiş aqroparkda 21 ədəd texnika və 50-dən çox aqreqat mövcuddur.

Qeyd edək ki, ölkədə mövcud olan aqroparkların idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyidir. Agentlik sənaye parkları və məhəllələrinin, eləcə də aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.

Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,4 milyard manat özəl investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5500-dən çox işçi isə mövsümi işlərlə təmin olunub. Gələcəkdə əlavə olaraq 4700-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Leave a Reply Cancel reply