“Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış”

“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda panel iclaslarla işini davam etdirdi. Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan konfransın üçüncü paneli “Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış” mövzusuna həsr olunmuşdu.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, panel müzakirəsi başlamazdan əvvəl “BeNear” şirkətinin təsisçisi və baş icraçı direktoru Lyudmila Livertovski “Mədəniyyət iqtisadi inkişafın mühərriki kimi” mövzusunda çıxış etdi.

Daha sonra panel müzakirəsinə başlanıldı. İlk olaraq konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis Tal Katran çıxış edərək qonaqları təqdim etdi.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov çıxışında dedi ki, təmsil etdiyi qurumda yaradıcı sənaye və digər sahələrlə bağlı araşdırmalar aparılır: “Mərkəz olaraq ölkə başçısının iyul ayında təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Srategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcəyik. Monitorinqin nəticələri ilə bağlı hesabatlar hazırlanacaq. Proqramların monitorinqinə peşəkar yerli və xarici ekspertlər də cəlb olunacaq”.

İnvestisiya məsləhətçisi, şəxsi kapital mütəxəssisi Rahul Yadav bir sıra şirkətlərlə əməkdaşlıqlarının olduğunu söylədi: “Həmin şirkətlərin özləri müxtəlif inkişaf mərhələlərindədir. Biz çalışırıq ki, startaplar üçün sürətlə inkişaf edə biləcək maliyyə vasitələri tapaq”.

Maliyyə və davamlı inkişaf məqsədləri mütəxəssisi Karl Rheinberger Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu vurğuladı.

Daha sonra Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Təbriz Əliyev “Azərbaycanın mədəniyyət sektorunun iqtisadi artıma təsirini formalaşdıran amillər”, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev isə “Qarabağ iqtisadiyyatının mədəni sahələrinin səmərəli formalaşdırılmasında və idarə edilməsində rəqəmsal transformasiya məsələləri” mövzularında təqdimatlarla çıxış etdilər.

Leave a Reply