Milli Məclisin payız sessiyasında müzakirə ediləcək qanun layihələri siyahısı açıqlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı müzakirə olunarkən bildirilib ki, qarşıdakı sessiyada “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında”, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələri və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyində olan qanun layihələrini təqdim edərkən komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, gündəliyin 3-cü məsələsindən 20-ci məsələsinədək – “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Avtomobil yolları haqqında”, “Banklar haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda, Vergi Məcəlləsində və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi  barədə birinci oxunuşda olan 18 qanun layihəsi bir-biri ilə bağlıdır.

Sənədlər Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Həmin bəndə uyğun olaraq da qanun layihələrinin əsas məqsədi vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsidir.

İclasa dəvət olunmuş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov təklif edilən dəyişikliklər, onların icra mexanizmləri ilə bağlı məlumat verib və deputatları maraqlandıran sualları cavablandırıb.

Daha sonra deputatlar “İcbari sığortalar haqqında” qanunda və “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələrini müzakirə ediblər, həmçinin beynəlxalq müqavilələrin təsdiqi ilə bağlı “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə  Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında qanun layihələrini nəzərdən keçiriblər.

Leave a Reply Cancel reply