Dini qurumların sənədləri elektron formada təqdim ediləcək

“Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla əlaqədar olaraq, “Dini etiqad azadlığı haqqında” qanunun 12-maddəsinə təklif olunan əlavəyə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya dini qurum tərəfindən təmin edilir.

Təklif olunan dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə  Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcəkdir.

Leave a Reply