Azərbaycanın yaxın dostu Arye Qut dünyasını dəyişdi

Arye Qut Bakıda doğulmuşdu. Orta və ali təhsilini də Bakıda almışdı. Son illər isə İsraildə yaşayırdı, amma ürəyi daim doğma vətənlə – Azərbaycanla döyünürdü. Azərbaycanın yaxın dostu idi. Onun ictimai-siyasi fəaliyyəti, diaspor sahəsindəki xidmətləri, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səyləri danılmaz və təqdirəlayiqdir.

TIME Trend-ə istinadən bildirir ki, Arye Qut həm də uzun illərdir jurnalist fəaliyyəti ilə məşğul olub. Arye Qut həmçinin bir neçə il Trend BİA-nın İsrali nümayəndəliyində çalışıb. Onun məqalələri Azərbaycan mətbuatı ilə yanaşı dünyanın nüfuzlu media qurumlarında yayımlanırdı. Son dövrlərdə isə İsrailin dövlət radiosunda “Radio Reka”( rus dilində), “Reşet Bet” (ivrit dilində) və İsrailin televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edirdi.

Arye Qut həmçinin İsrailin hərbi sənaye kompleksində çalışırdı və bu strukturda post Sovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunurdu. O, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistanın Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir. 2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirdi. Eyni zamanda “İsraildə Azərbaycan Evi – Gələcəyə Ümid” təşkilatının icraçı direktoru idi.

Arya Qut Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini, erməni quldurlarının xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərini, vandalizm və vəhşilik əməllərini bütün dünyaya car çəkən həmyerlimiz idi. Onun müxtəlif vaxtlarda yazdığı araşdırma məqalələr, çap etdirdiyi kitablar erməni vəhşiliyinin əsl simasını bütün dünyada tanıdıb. Xüsusilə də ermənilərin Xocalıda xalqımıza qarşı törətdikləri dəhşətli qətliamlara ədalətin tələb edilməsi istiqamətində çox böyük işlər görüb. Onun “Ağrı” romanı rus, ingilis və italyan dillərində çap olunaraq dünyanın müxətlif ölkələrində yayılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci il tarixli sərəncamı ilə Arye Qut “Dostluq” ordeni ilə təltif edilib.

Arye Qutun uzun sürən ağır xəstəlikdən sonra vaxtsız vəfatı Azərbaycan ictimaiyyəti tərəfindən dərin üzüntü və kədərlə qarşılanıb. Allah rəhmət eləsin!

Leave a Reply