“Şuşa mədəniyyətinin inciləri”: Süleyman Ələsgərov

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Ələsgərova həsr olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan S. Ələsgərov ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb. 

Gənc bəstəkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub. Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətci olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib.

O, bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Qarabağda baş verən hadisələrə bəstəkar öz fikirini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında yer alıb. 

Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.

Leave a Reply