Elektron Hökumət İnformasiya Sisteminin funksionallığı genişləndiriləcək

Bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında ilk iclasında müzakirəyə çıxarılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qanun layihələrini təqdim edərkən Ziyafət Əsgərov bildirib ki, növbəti üç məsələ – “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihələri Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.

Adıçəkilən Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə xidmət edəcək.

Leave a Reply