“Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib

Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Məclisi-üns” Ədəbi Məclisi fəaliyyətinin bərpası “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli 3181 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq olunmuş “Xurşidbanu Natəvanın 190 illik yubileyinə dair Tədbirlər Planı”ına əsasən həyata keçirilib.

“Məclisi-üns”ün Azərbaycanın mədəni-ictimai həyatında, müvafiq sahə üzrə tədbirlərin təşkilində, yaradıcı şəxslərin təşkilatlanmasında digər yaradıcılıq ittifaqları kimi öz üzərinə düşən missiya və funksiyaları icra edəcək.

“Məclisi-üns” Ədəbi Məclisin təşkilati-hüquqi statusu digər yaradıcılıq ittifaqları kimi qeyri-hökumət təşkilatı – ictimai birlik kimi müəyyən edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri
Anar Kərimov:

“…1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini genişləndirən “Məclisi-üns” o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi ictimai birliyinin yaradılması qərara alınıb.

Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanın mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq…”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar Rzayev:

“…Qarabağın möcüzəvi təbiətinin insana aşıladığı yaradıcı ruh Şuşada qeyri-adi yaradıcılıq mühiti formalaşdırmışdı. Təsadüfi deyil ki, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Natəvan, Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz Şuşada yetişib yaradıcılığa başlayıblar. Şuşanın necə bir mədəniyyət mərkəzi olmasını, mədəniyyətimizin inkişafına verdiyi töhfələri elə Qarabağ ədəbi məclislərinin fəaliyyəti nümunəsində görə bilərik.”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayeva:

“Acınacaqlı haldır ki, Şuşanın ərazisini yox, həm də mədəniyyətini mənimsəmək iddiasında olan mənfur qonşularımız heç bir əsas və fakt olmadan XIX əsrdə Şuşada mədəniyyətin inkişafının belə onlara aid olması təsəvvürünü formalaşdırmağa çalışırlar… Şuşanın onlara heç bir dəxli olmamasına tutarlı cavablardan biri də orada yaranan ədəbiyyat, sənət inciləri, XIX əsrin ədəbi məclisləridir. Dünya, eləcə də Şərq mədəniyyətində ədəbi məclislər xüsusi mədəni təsisat, institut kimi qədim dövrlərdən mövcud olmuşdur. Şərqdə, eləcə də Azərbaycanda onlar, əsasən saraylarda yaradılıb və üzvləri hökmdarların himayəsində olub.”


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
İsa Həbibbəyli:

“Azərbaycanda ədəbi məclislərin müstəqil fəaliyyəti xanlıqların süqutundan sonra inkişaf etməyə başlayıb. Ədəbi məclislər siyasi hakimiyyət əldən getdikdən sonra mədəni hakimiyyəti ələ alan, mədəniyyətin, maarifin, milli ideologiyanın inkişafına təkan verən mərkəzlər funksiyasını yerinə yetirib. Təəsüf ki, onların mədəniyyət və fikir tariximizdə icra etdiyi rol lazımi səviyyədə araşdırılıb dəyərləndirilməyib… Müstəqillik dövründə ayrı-ayrı ədəbi məclisləri araşdıran alimlərimiz ədəbiyyat tarixini məclis üzvlərinin bədii və pedaqoji fəaliyyətləri haqda yeni məlumatlarlara zənginləşdiriblər. Lakin məclislərin stasus və funksiyası, strateji əhəmiyyəti məsələlərinə aydınlıq gətirmək üçün yeni tədqiqatlara və elmi dəyərləndirmələrə tələbat var. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fəaliyyəti bərpa olunan “Məclisi-üns”ün əvvəlki məclisdən fərqi və məxsusiliyi ondan ibarətdir ki, türkdilli ölkələrin yazarları da burada təmsil olunur. Gələcəkdə xarici ölkələrin yazarları da “Məclisi-üns”ün üzvü olduqdan sonra onun fəaliyyət diapazonu daha da genişlənəcək və qlobal xarakter alacaqdır.”

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik
Rəfael Hüseynov:

“XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir… “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərini mədəni təsisat kimi nəzərdən keçirdikdə Qarabağ ədəbi-mədəni mühiti haqda müəyyən təsəvvür formalaşır…”.

Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru
Raqub Kərimov:

“Ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmlədilir və gələcək nəsillərə ötürülürdü… Təzkirə və cünglər ədəbiyyat tarixi elmimizin mühüm qaynaqları və sənədləri olduğu üçün Şuşa ədəbi məclisləri elmimizə mühüm töhfələri kimi dəyərləndirilə bilər Şeir, sənət məktəbi kimi şeirşünaslıq elminin qayda və normalarının öyrədilməsi, qorunması ədəbi məclislərin bəlağət və poetika məktəbi kimi də əhəmiyyətini müəyyənləşdirir.”

Azərbaycan Yazıçılar Birliyinin katibi, çair, tərcüməçi
Səlim Babullaoğlu:

“Ədəbi məclislər həm də musiqi məclisi idi. Tarzən Sadıq (Mirzə Əsəd oğlu Sadıq – Sadıqcan), Hacı Hüsü, Məşədi kişi, Kaştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqa xanəndələr ədəbi məclislərdə fəal iştirak edirdilər… Nəsrəddin Qarayev yazır ki, Məşədi İsi, Kaştazlı Haşım, Hacı Hüsü, İslam Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və qeyri xanəndələr həmin məclisin üzvü olmuşlar. Qarabağda muğam, ifaçılıq o qədər inlişaf etmişdi ki, o dövrdə Şuşada Bülbül təxəllüsü daşıyan üç müğənni vardı.”

Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, şair-tərcüməçi
Sayman Aruz:

“Hər millətin əldə etdiyi iki ali dəyər vardır. Biri ədəbiyyat, digəri isə dövlətçilikdir. Azərbaycan dövləti və dövlətçiliyi xalqa və ədəbiyyata olan borcunu ödədi və qalib olmaq, müzəffər olmaq kimi sözləri ədəbiyyatımıza qaytardı. Indi vaxtıdır ki, Azərbaycan ədəbiyyatı da öz dövləti və dövlətin ali rəhbərliyinə olan borcunu qaytarsın… Ədəbi məclis üzvlərinin Azərbaycan tarixinin yazılıb yaşamasında da xidmətləri var. Təsadüfi deyil ki, Azərbaycan tarixinə aid ilk sistemli elmi əsər (“Gülüstani-İrəm”) müəllifi “Gülüstan” ədəbi məclisinin rəhbəri Abbasqulu ağa Bakıxanovdur.”


“Məclisi-üns” nə üçün bu qədər əhəmiyyətlidir?
Yeni tipli, üsuli-cədid məktəblərinin əməli fəaliyyəti, dərsliklərin yazılması həm Şuşada, həm də bütövlükdə Azərbaycanın bütün bölgələrində ədəbi məclislərin qabaqcıl təmsilçilərinin iştirakı ilə gerçəkləşirdi. Qarabağda Nəvvab, Qaradaği dərsliklərin tərtibi və yazılmasında fəallıq göstərirdilər. Qaradaği Çerniyayevskiyə “Vətən dili” dərsliyinin yazılmasında yaxından kömək etmişdir.
Milli bayramlarımızın, xüsusən Novruzun təşkili və keçirilməsi işlərinə də mədəni mərkəz kimi ədəbi məclislər başçılıq edib. “Məclisi-üns” üzvü Mirzə Ələsgər Növrəs Novruz bayramlarında “padşah” seçilirdi. Bu mənada, ədəbi məclislər həm də xalqın adət-ənənəsini, etnoqrafiyasını yaşadan bir təsisat idi.

Şairlərimiz təkcə Qarabağda, Azərbaycanda şahidi olduqları hadisələrə yox, qlobal proseslərə də şeirlər həsr edirdilər; Məmo bəy Məmainin ingilislərin Şərqdə müstəmləkəçilik siyasətinin əleyhinə yazdığı şeir kimi.

Bölgələrdəki məclis üzvlərinin məktublaşmaları, görüşüb fikir bölüşmələri aparmaları Azərbaycan ziyalıları arasında mövqe yaxınlığının inkişafına yardım edirdi. Qarabağ ədəbi məclisləri Şamaxı, Naxçıvan ədəbi məclisləri, Qaradağ, Ərdəbil şairləri ilə sıx əlaqə saxlayırdılar.

Qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi. Qeyd etmək lazımdır ki, o vaxt Qarabağ qadınları öz fəallıqları ilə seçilirdilər – həm yaradıcılıqda, həm də xeyriyyəçilikdə. Şairlər Natəvan, Fatma xanım Kəminə, aşıq Pəri ədəbiyyat tarixində fərqli yerə sahibdirlər. Natəvan, Gövhər ağa, Qara Pirimli Nigar, Fatma xanım Kəminə xeriyyəçi kimi də tanınmışdılar. Qadınların xeyriyyəçilik fəaliyyəti özü də müəyyən ənənəyə bağlıdır. Qədim türklərdə qadına yüksək dəyər verilirdi. Xeyriyyəçilik qadınların əsas fəaliyyət sahələrindən biri sayılırdı. Qarabağ xanımları həm birgə fəaliyyət, həm də idarəçilik işləri ilə həmin ənənəyə bağlı idilər.

Şuşa ədəbi məclisləri XIX əsrdə Azərbaycanda mədəni ideologiyaların inkişafında da mühüm rol oynamışdır. İslamçılıq, türkçülük, azərbaycançılıq, müasirləşmə ideologiyalarının mədəni təzahürlərinə aid sənətkarların yaradıcılığından çoxsaylı misallar gətirmək olar.

Bəzən belə fikirlərə rast gəlirik ki, ədəbi məclis üzvlərinin çoxusu zəif şairlər olub. Bu, onların yaradıcılığının bütövlükdə üzə çıxarılıb, çap olunub araşdırılmaması ilə bağlıdır. Məclislərdə aparılan müzakirələr, şeir, sənət tələbləri orada zəif nümunələrin yazılma ehtimalını azaldır. Burada yaşanan ciddi yarışma və rəqabət, şeir, sənət dəyərləndirməsi, ustadların məclisə rəhbərlik etməsi zəiflərin və dözümsüzlərin sona qədər getməsinə imkan verməzdi.

Qarabağ ədəbi mühiti onun təbiəti qədər zəngin və rəngarəngdir. Öyrənilib araşdırılması, təbliği humanitar fikrimizin inkişafına xidmət etməklə bərabər, həm də onu sahiblənmək istəyən yadları, düşmənləri susdurar. Ona görə də hər şeydən öncə insan yaradan bu ədəbi məktəblərin inkişafı hər zaman həm xalq, həm də dövlət olaraq əsas məqsədlərimizdən olmalıdır.

Leave a ReplyCancel reply