İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

Səfər çərçivəsində İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.

Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir” sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.

Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoydu.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu.

Leave a Reply Cancel reply