Gələn ildən ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək proqramına start veriləcək

UNİCEF və ÜST tərəfindən Səhiyyə Nazirliyi və ölkənin digər səhiyyə orqanları ilə birgə həyata keçiriləcək ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək üzrə qarşıdan gələn 5 illik proqramın (gələn ildən başlayaraq) İş Planını müzakirə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu məsələ Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşdə müzakirə olunub.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəli və səmərəli olduğunu vurğulayıb: “Hökumət və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq edən BMT-nin Uşaq Fondu səhiyyə, təhsil, gənclərin humanitar fəaliyyət sahəsində iştirakı, ana və uşaqların sağlamlığının qorunması kimi sahələrin inkişafına mühüm töhfələr verib. Ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində vacib işlər görülüb, ölkə və regional səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.

Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Aleks Haykens xatırladıb ki, UNİCEF Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb. UNİCEF-in Azərbaycanda həyata keçirdiyi ilk layihələr zamanı əsas diqqət vaksinasiya, səhiyyə, reabilitasiya, təhsil və uşaqların müdafiəsi ilə bağlı aktual problemlərə yönəlməsi diqqətə çatdırılıb. Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Aleks Heykens 2021-2025-ci illər üzrə ölkə Əməkdaşlıq Proqramının birgə fəaliyyətimizin yeni dövrü üçün mühüm rol oynadığını qeyd edib.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə prioritet əməkdaşlıq istiqamətləri və 2023-2024-cü illər üçün İş Planının hazırlanması nəzərdən keçirilib. Belə ki, ana və uşaq sağlamlığının gücləndirilməsi, səhiyyədə informasiya sistemlərinin gücləndirilməsi, COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, uşaqlarda inkişaf problemləri və erkən müdaxilə xidmətlərinin tətbiqi, eləcə də sektorlararası fəaliyyətin əlaqələndirilməsi barəsində müzakirələr aparılıb.

Leave a ReplyCancel reply