Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısı qətiyyətlə alınıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, general-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının  qətiyyətlə alındığını bildirib.

Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib.

Həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqliklə qarşı tərəfin atəş nöqtələrinə zərbələr endirilir.

Qeyri rəsmi məlumatlara əsasən Göyçə artıq Azərbaycan Ordusunun nəzarətindədir.

Leave a Reply Cancel reply