DİM-də Kral Cərrahlar Kollecinin kolleclərarası üzvlük imtahanı keçirilib

Kolleclərarası cərrahiyyə imtahanları Böyük Britaniya və İrlandiyanın dörd kral cərrahiyyə kolleci tərəfindən birgə idarə olunur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 13 sentyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində ilk dəfə olaraq Əsas Cərrahiyyə Müayinələri üçün Kolleclərarası Komitə (Intercollegiate Committee for Basic Surgical Examinations – ICBSE) tərəfindən idarə edilən Kral Cərrahlar Kollecinin kolleclərarası üzvlük imtahanı (Intercollegiate Membership examination of the Royal Colleges of Surgeons (MRCS Part A)) keçirilib. İmtahanda 2 əcnəbi olmaqla 3 nəfər iştirak edib.

Qeyd edək ki, 2022-ci ilin may ayından etibarən Böyük Britaniyanın və İrlandiyanın dörd Cərrahiyyə Kral Kolleci “MRCS Part A” imtahanını Pearson VUE ilə birgə qlobal kompüter test mərkəzləri şəbəkəsində təqdim edir. Pearson VUE-nin rəsmi test mərkəzlərindən biri olan DİM‑ə də bu imtahanın təşkil olunması ilə bağlı sorğu ünvanlanıb və müraciət Mərkəz tərəfindən müsbət cavablandırılıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən PTE Academic (akademik ingilis dili testi), həmçinin müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 140-dan çox imtahanı keçirmək hüququ var.

DİM-də keçirilən Pearson VUE imtahanlarının arasında PMI, Microsoft, Oracle, CompTIA, IIA, Cisco və bir sıra digər təşkilatların imtahanları da var.

DİM-də Pearson VUE imtahanları hər həftənin beşinci günü keçirilir.

Leave a Reply