“Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində “Kibertəhlükəsizlik” təlim layihəsinin bağlanış mərasimi keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, AKTA-nın sədri Rahid Ələkbərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, layihə təlimçiləri Pərvin Sadıqova və Miraqşin Abutalıbov, layihə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək layihənin təhsilə olan töhfəsindən danışıb. Nazir müavini kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, tələbələrin bu kimi təlim layihələrində iştirakı onların günümüzün və gələcəyin aktual peşə sahələrinə yönləndirilməsini təşviq edir. 

Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədbirin məqsədi haqqında ətraflı məlumat verib. Rüfət Əzizov rəqəmsallaşmanın geniş vüsət aldığı dövrdə ölkəmizdə və dünyada kiberhücumlarla bağlı problemlərin artdığını və kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Təlimçi Miraqşin Abutalıbov layihənin tarixçəsindən bəhs edərək yeniliklərdən söz açıb. 

Tədbirin sonunda elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Oksford Universitetinin tələbəsi, eyni zamanda layihə təlimçisi Miraqşin Abutalıbov tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Kibertəhlükəsizlik” təlim layihəsinə 6 dekabr 2019-cu il tarixində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə  Təhsil İnstitutu tərəfindən start verilib.

Təlim layihəsinin məqsədi universitetlərin müvafiq və əlaqəli istiqamətlər üzrə təhsil alan tələbələrinə kibertəhlükəsizliyin texnoloji aspektlərini nəzəri və praktiki cəhətdən öyrətmək idi.

Təlim müddətində kibertəhlükəsizlik üzrə hüquqi və etik məsələlər, bu sahədə praktiki təcrübə üçün tələb olunan əsas biliklər, o cümlədən, komanda xəttindən istifadə, kompüter şəbəkəsinin əsasları və veb texnologiyasının əsasları, kəşfiyyat və istismar da daxil olmaqla, hakerlik addımları, kriptoqrafiya, sistemlərin təhlükəsiz dizaynı və əməliyyat sistemlərinin sərtləşdirilməsi kimi mövzular dərindən öyrənilməsi qarşıda duran məqsədlərdən idi.

Leave a Reply