Bunu ADA Universiteti ilə İtaliyanın universitetləri arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsidən sonra Prezident İlham Əliyev çıxışında qeyd edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçımız qeyd edib ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.
“Bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək”, – deyə o qeyd edib.
Prezident onuda bildirib ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb.
“Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”, – deyə dövlət başçısı qeyd edib.
Daha sonra İtaliya Respublikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vannia Qava, İtaliya-Azərbaycan Universiteti üçün tərəfdaş italyan universitetləri adından Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino və ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxış etdilər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, bu il İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı əldə olunub.
Bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq.