Qarayara xəstəliyindən insanlar necə qoruna bilər?

Qarayara xəstəliyi mövsümi xarater daşıyır və adətən, yay-payız aylarında baş verir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsullar, ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri vasitəsilə ötürülür.

TIME Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun məqaləsinə istinadən bildirir ki, qarayara törədicilərinin transmissiv ötürülməsində qansoran həşəratlar da müəyyən rol oynayır.

İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkulların) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və başqa əlamətlərlə özünü göstərir.

Xəstəliyin qarşısını vaxtında almaq böyük əhəmiyyət kəsb edir. Odur ki, qarayaraya yoluxma şübhəsi yaranan şəxs dərhal həkimə müraciət etməlidir.

Yaraya toxunmaq olmaz, çünki müdaxilə infeksiyanın yayılmasına səbəb ola bilər.

Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq zamanı gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Xəstəlikdən mühafizə olunmağın ən yaxşı yolu isə baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Heyvan kəsimi mütləq baytarlıq mütəxəssisinin nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısı alınmalıdır.

Sağlamlığın qorunmasında təsərrüfatlarda yetişdirilən iri və xırdabuynuzlu heyvanların peyvəndlənməsi də xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, respublikada qarayaraya qarşı peyvəndləmə tədbirləri dövlət tərəfindən pulsuz şəkildə həyata keçirilir. Peyvəndləmədən sonra ən azı 2 həftə keçənə qədər peyvəndlənmiş heyvanın kəsilməsinə yol verilmir.

Leave a ReplyCancel reply