Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub

Avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı. Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Daha sonra Prezidentlərin təkbətək görüşü olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz.

x x x

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi: İlk növbədə, göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq.

Leave a Reply