Prezident İlham Əliyev xanımı ilə birgə DiriBaba türbəsini ziyarət ediblər

Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyeva Facebook hesabında DiriBaba türbəsindən yeni paylaşımlar edib.

TIME bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Basqal qəsəbəsinə gediblər.

Prezident İlham Əliyev xanımı ilə birgə Basqala gedərkən qədim DiriBaba türbəsini ziyarət ediblər.

DiriBaba türbəsi — Qobustan rayonunun Mərəzə şəhərində (indiki Qobustan şəhərində), dağın döşündə tikilmiş ikimərtəbəli türbədir. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.

Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: “Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib.”

Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb edibmiş. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkib.

Həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilib, lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişib. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlib, özlərinin maraq dairəsində abidəni tədqiq ediblər.

Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparıb. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində, Ermitaj adlanan muzeydə saxlanılır. Türbədə dəfn olunan Müqəddəs Şəxsin kimliyi haqqında isə heç bir məlumat yoxdur.

Abidənin adının mənşəyi

Abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir. Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur, lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün “diri qalır”. Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya Diri Baba türbəsi adı verilir.

XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səhayət edərkən Diri Baba haqqında yazırdı:

Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır…

Leave a Reply