Müslüm Maqomayev Nizami obrazını daha çox kimin ifasında bəyənib?

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Nizami”dir,  çəkilişindən 40 il keçir…1982-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Nizami” filmini istehsalata buraxdı. İsa Hüseynovun ssenarisi əsasında çəkilən filmə Eldar Quliyev quruluş verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,Dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan filmdə şairin ümumiləşdirilmiş obrazı, onun yaşadığı dövrdə Azərbaycan xalqının siyasi və sosial həyatı, mürəkkəb dünyası öz əksini tapıb.

“Nizami” filminə Həsən Seyidbəyli quruluş verəcəkdi

Əslində “Nizami” filminə Həsən Seyidbəyli quruluş verəcəkdi. Çünki filmin çəkilişini ideya şəklində irəli sürən, ssenarinin yazılışında yaxından iştirak edən və kinossenari üzərində son hazırlıq işləri ilə məşğul olan Həsən Seyidbəyli olmuşdur. Ancaq onun qəflətən dünyasını dəyişməsi filmin çəkilişini yarımçıq qoyur.

Ömür vəfa etsəydi, Həsən Seyidbəyli “Hizami” filmini fərqli şəkildə çəkib kinosevərlərin baxışına təqdim edəcəkdi. Rejissorun ölümündən sonra filmin çəkilişi bir çox rejissorlara təklif olunmasına baxmayaraq onların heç biri razılıq vermir. Səbəb də o idi ki, Həsən Seyidbəyli kimi bir rejissordan sonra heç kim onun yarımçıq qalmış işini başa çatdırmağa cəsarət etmirdi. Eyni zamanda isə tarixi janrda film çəkməyin özü böyük çətinliklər hesabına yaranır. Belə çətinliklərin öhdəsindən isə Həsən Seyidbəyli kimi kinorejissorlar gələ bilərdi. Bütün bunlara baxmayaraq film çəkilməli idi.

1981-ci il…“Azərbaycanfim” kinostudiyasının planına salınmış “Nizami” filmi kino rəhbərliklərini narahat etməyə başlamışdı. Çünki Moskva da filmin çəkilişində maraqlı idi. Təsadüfi deyil ki, film “Azərbaycanfilm” kinostudiyası ilə birgə “Mosfilm”in istehsalı olaraq buraxılmışdı. Bu da ondan irəli gəlirdi ki, filmin bir çox kadrlarının çəkilişi təbii ki, maliyyə dəstəyi daxil olmaq şərtilə Moskvada lentə alınmışdır.

Qeyd etdiyimiz kimi, filmin çəkilişində maraqlı olan Moskva “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə məsləhət görür ki, “Nizami”nin quruluşu Eldar Quliyevə tapşırılsın. Əgər xatırlayırsınızsa, “Babək” filminin çəkilişində də bu kimi hadisə baş vermişdi. Həsən Seyidbəylinin səhhətindəki problemlə bağlı “Babək” filminin çəkilişi yarımçıq qalmış və nəticədə də sonrakı çəkiliş prosesləri Moskvanın təklifi ilə Eldar Quliyevə tapşırılmışdı.

Heydər Əliyev “Nizami” filminin çəkilişləri üçün tələb olunan şəraiti yaradıb

Filmin nümayişindən sonra bir çox narazılıqlar baş vermişdi. Baş qəhrəmanın düzgün seçilməməsi, zəif alınması və s. kimi məqamları irəli sürərək filmi tənqid hədəfinə çevirənlər çoxluq təşkil edirdi.

Rejissor bu barədə danışarkən söhbətə bir qədər əvvəldən  başladı:  “Əslində film Həsən Seyidbəylinin quruluşunda çəkilməli idi. Çox təəssüf ki, o, hələ rejissor ssenarisinin üzərində iş apararkən qəflətən dünyasını dəyişdi. Ancaq buna baxmayaraq film mütləq çəkilməli idi. Çünki Moskva tərəfindən təsdiq olunan film artıq rpana da salınmışdı. Eyni zamanda isə onu da qeyd etməyi lazım bilirəm ki, filmin çəkilişi üçün o vaxt Azərbaycan KR MK-nın I katibi vəzifəsində çalışan Heydər Əliyev də böyük maraq göstərirdi. Ümumiyyətlə o, tarixi filmlərə böyük maraq göstərirdi. Təsadüfi deyil ki, tarixi janrda çəkilən “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, eləcə də “Nizami” kimi filmlər məhz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə lentə alınmışdır. Zənnimcə, o bütün bunlara ona görə böyük önəm verirdi ki, qədim Azərbaycan torpağı bütün dünyada tanınsın, dünya xalqları tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə daha da yaxından tanış ola bilsinlər”.

Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyev kino rəhbərliklərini tələsdirərək “Nizami” filminin tez bir vaxtda çəkilib təqdim olunması üçün lazım olan bütün şəraiti yaradıb.

Filmin çəkildiyi dövrdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov, Dövlət Kinematoqrafiya Komitəsinin sədri isə Azad Şərifov idi.

E.Quliyev deyirdi ki, çıxılmaz vəziyyətin-yəni filmin kim tərəfindən çəkiləcəyi ilə bağlı problemin yarandığı bir məqamda Moskva öz sözünü deyib: “Moskva bizim kino rəhbərliklərinə təklif edib ki, filmin taleyi mənə həvalə olunsun. Bildiyiniz kimi də bu filmdən əvvəl artıq mən tarixi janrda olan “Babək” filmini çəkib təhvil vermişdim”.

Rejissor onu da xüsusilə qeyd edirdi ki, tarixi janrda olan filmlərin çəkilişi çətin olduğu üçün o, “Babək”i təhvil verdikdən sonra bir müddət dincəlmək, sonra isə gündəlik, sadə, eyni zamanda isə müasir həyatımızdan bəhs edən bir ssenariyə müraciət etmək fikrində olub: “Arzulardan fərqli olaraq həyat daima başqa bir söz deyir. Öz-özlüyümdə çəkməyi planlaşdırdığım filmi təxirə salmalı oldum. Və “Nizami” filminin ssenarisini qəbul edərək rejissor ssenarisi üzərində iş aparmağa başladım”.

Dövrün görkəmli yazıçısı və rejissoru Həsən Seyidbəyli hələ sağlığında filmin rejissor ssenarisi üzərində iş aparsa da onu axıra çatdıra bilməmişdir. E.Quliyev isə öz növbəsində rejissor ssenarisi üzərində iş apararkən Həsən Seyidbəylinin qələmə aldığı yarımçıq ssenariyə baxmağa cəsarət edə bilməyib: “Həsən Seyidbəyli dövrün ən görkəmli rejissorlarından biri idi. Təbii ki, onun rejissur işinə olan baxışı ilə mənim baxışım üst-üstə düşə bilməzdi. Bundan başqa isə onun ssenarisini əlimə götürməyə belə cəsarət edə bilmədim. Qorxurdum ki, onun yarımçıq qalmış işi mənə pis təsir etsin. Onu da qeyd etmək istərdim ki, ssenarinin hazırlıq prosesi zamanı İsa Hüseynovun mənə böyük köməyi oldu. O, Nizaminin həyat və yaradıcılığını yaxşı bilirdi. Ssenaridə bir çox dəyişikliklər etdik. Misal olaraq Xaqani ilə olan səhnəni deyə bilərəm. Bundan başqa isə Nizaminin qəhrəmanlarını da film vasitəsilə bir daha göstərməyi lazım bildik və s”.

Rejissor ssenarisini hazırlayan Eldar Quliyev onu Bədii Şuranın baxışına təqdim edir. Bədii Şura ssenari ilə tanış olduqdan sonra onu bir kənara qoyur. Ssenari 7-8 ay kinostudiyanın rəhbərliyinin stolu üzərində qalır: “Səbəbini belə izah edirdilər ki, guyamən rejissor ssenarisini yazarkən qəhrəmanları Qərbin qəhrəmanlarına bənzətməyə çalışmışam və ümumiyyətlə isə Şərq adət-ənənələrindən fərqli olaraq, avrorasayaq film çəkməyi planlaşdırmışam. Mənə təklif etdilər ki, ssenarini yenidən işləyim. Ancaq mən bu təklifi qəbul etmədim”.

Nizami filminin çəkilişlərində Ziya Bünyadov və Rüstəm Əliyev məsləhətçi kimi iştirak ediblər

Hər iki tərəfin inadkarlığı filmin çəkilişini 7-8 ay ləngidir. Kimin haqlı və ya haqsız olmasını demək çətin olsa da, E.Quliyevin tarixi janrda çəkilən filmə yenilik gətirmək, Nizamini sadə olduğu qədər də, dahi şəxsiyyət kimi təqdim etmək fikrində olması bir rejissor kimi başlıca məqsədi idi.Kino rəhbərlikləri Eldar Quliyevin bu fikrinə şərik çıxmırlar və təklif edirlər ki, ssenarini yenidən işləyərək tez bir zamanda çəkilişlərə başlasın, əks halda isə ona film verilməyəcək.

Rejissor razılaşmaqdan başqa bir çarə görmür: “İndi də özümü günahkar hesab edirəm ki, nahaq o zaman razılaşdım. Yəqin bu səhv cavanlıqdan irəli gəlirdi. İstəyirdim ki, hər il film çəkim, bir sözlə, boş oturmayım”.

İstər ssenarinin yazılışı zamanı, istərsə də filmin çəkiliş vaxtı görkəmli alimlərimizdən bir neçəsi yaradıcı heyətin tərkib hissəsində məsləhətçi qismində iştirak edib: “Tanınmış alimlərimizdən Ziya Bünyadov, nizamişünas Rüstəm Əliyev çəkiliş vaxtı bizimlə birgə oldu. Yaxşı yadımdadır, bir dəfə Rüstəm Əliyevdən xahiş etdim ki, Nizamini farsca oxusun, qulaq asaq. İnandırım sizi ki, ona qulaq asdıqca məəttəl qalırdım ki, sən sözlərdəki, fikirlərdəki musiqiyə bax. Elə bil dahi Nizami sözləri bir-birinin ardınca musiqi dili ilə yazıb”.

Ssenari hazır olduqdan sonra onu Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat institutuna-bir qrup alimin müzakirəsinə təqdim edirlər. Ssenari qəbul edildikdən sonra filmin yaradıcı heyəti müəyyənləşdirilir.

Müslüm Maqomayev Hamlet Xanızadənin yaratdığı Nizami obrazını daha çox bəyənibmiş

Ssenarinin hazırlıq prosesi zamanı Eldar Quliyev öz-özlüyündə müəyyənləşdirib ki, Nizami roluna seçilən şəxs, onun çöhrəsi tamaşaçı üçün yeni olmalıdır: “Fikirləşirdimki, dahi Nizami Gəncəvi maraqlı, eyni zamanda isə böyük şəxsiyyət olduğu üçün onun obrazını yaradan insan da şəxsiyyət olmalıdır. Çünki belə olan halda istənilən nəticəni əldə etmək olardı. Nəhayət ki, nəzərimdə tutduğum insana-Müslüm Maqomayevə ssenarini təqdim edərək oxumasını təklif etdim və onu da qeyd etdim ki, “səni Nizami kimi görürəm”. Ssenarini oxuyan Maqomayev öncə razılıq vermək istəmədi, işinin çoxluğundan, qastrol səfərlərinin olmasından, eyni zamanda isə Nizami obrazının hər hansı bir peşəkar aktyorun daha yaxşı yaratmasından bəhs etdi”. Rejissor müğənninin istəyini nəzərə almır və yenidən ona müraciətlə bildirir ki, Nizami rolunda yalnız onu görür. Qısa müzakirədən sonra nəhayət ki, Müslüm Maqomayev razılaşır. Ancaq bir şərtlə ki, Eldar Quliyev hələlik sınaq çəkilişləri aparsın və Nizami roluna uyğun gələn aktyorları dəvət edərək onları yoxlasın. Və təbii ki, sınaq çəkilişlərindən olan yoxlama lentlərinə də baxdıqdan sonra öz razılığını tam şəkildə bildirəcək: “Belə olan halda apardığımız sınaq çəkilişlərinə Hamlet Xanızadəni də dəvət etdim. Etiraf edim ki, Hamletin yaratdığı Hizami də çox maraqlı alınmışdı. Ola bilsin ki, Hamletdən başqa bir aktyoru da Hizami obrazının sınağına dəvət etmişdim. Xatırlaya bilmirəm ki, o hansı aktyor idi”.

Hamlet Xanızadənin ifası dolğun alınsa da rejissor öz sözündə qalır: “Əgər bunun bir səbəbi Müslüm Maqomayevin şəxsiyyəti ilə bağlı idisə, digər səbəbi də o idi ki, o bir müğənni olaraq bütün SSRİ məkanında məhşur idi. Mən belə fikirləşirdim ki, tamaşaçıların bir qismi də məhz Müslümə görə filmə baxmağa can atar, nəticədə də Nizamini, ədəbiyyatımızı, tariximizi tanıyarlar”.

Bir rejissor olaraq uzaqgörənliyi ilə seçilən Eldar Quliyevin zəndi heç də aldatmırdı. Film hazır olduqdan sonra tamaşaçıların əksəriyyəti məhz Müslüm Maqomayevə görə filmə böyük maraq göstərmişlər: “Bildiyiniz kimi, əcnəbi ölkələrində bilavasitə reklama görə məhşur müğənnilərin ifasından geniş istifadə olunur. Və tamaşaçı da sevdiyi, sənətinə pərəstiş etdiyi müğənnilərə görə çəkilən filmə baxmağa böyük üstünlük veriblər”.

Xatırladaq ki, Hamlet Xanızadənin ifasında çəkilən lent Müslüm Maqomayevə də göstərilir. Baxmayaraq ki, Müslüm Maqomayev Hamlet Xanızadənin ifasını üstün hesab edir, ancaq rejissor öz sözündə qalmaqda idi: “Və Müslümə onu da başa saldım ki, Hamlet bir aktyor kimi Nizamini bu cür duyub, oynayıb, sən tamam başqa cür oynayarsan. Və bir istəyim də o idi ki, ümumiyyətlə ən maraqlı aktyorları filmin çəkilişinə dəvət edim. Bu baxımdan Moskvadan bir çox tanınmış aktyorları sınaq çəkilişlərinə dəvət etdim. Hətta filmdəki qadın roluna İrina Alfyorovanı dəvət etmişdik. Onu milli geyimdə, başında isə kələğayı olduğu halda sınaqda yoxladıq. Təəssüf ki, İrina milli geyimdə də şərq qadınına bənzəmədi”.

Nizami filmindəki rolu Müslüm Maqomayevin istisna etdiyi hallardan biridir

Filmdən gördüyümüz kimi çəkiliş vaxtı maraqlı aktyor ansamblı ilə birgə işləmək rejissor üçün, eləcə də bütün yaradıcı heyət üçün hər cəhətdən sərfəli olub. Baxmayaraq ki, Müslüm Maqomayev ilk dəfə olaraq belə bir dramatik obrazla çəkiliş meydançasına çıxıb, ancaq rejissorun ona olan inamı, eləcə də görkəmli aktyorlarla olan tərəfmüqabil münasibəti müğənni üçün rahat iş şəraiti yaradıb. Sonralar müğənni etiraf edib ki, Həsənağa Turabovla tərəfmüqabil olmağı ona Nizami obrazını yaratmaqda böyük kömək göstərib.

Müslüm Maqomayevin xatirələrindən: “İndiyədək bu əqidədəyəm ki, müğənni oxumalıdır. Elə buna görə də təkcə musiqili filmlərdə deyil, başqa janrlarda yaradılan filmlərdə də çəkilmək barəsində bir neçə münasib təklifi rədd etmişəm. Lakin rejissor Eldar Quliyevin təklifi o qədər qeyri-adi, o qədər cəzbedici oldu ki, məni düşünməyə vadar etdi…”.

Filmin çəkilişləri bir çox yerlərdə – Özbəkistanın qədim şəhəri olan Xivədə və Gəncədə lentə alınıb. Onu da qeyd edək ki, gəncəlilər filmin yaradıcı heyətinə hər baxımdan kömək göstəriblər.

Rejissor deyirdi ki, Nizaminin evini bizimçün yaradan məhz gəncəlilər oldu: “Bizim rəssamlar, arxitektorlar layihəni verdilər, onlar isə öz növbəsində Nizaminin evini, həyətini tikdilər. Onu da qeyd edim ki, gəncəlilər ən qədim kərpicdən, ağacdan istifadə edərək evi tikmişdilər. Biz çəkilişləri çox rahatlıqla orada apardıq. Hətta bir neçə il sonra Gəncəyə gedərkən eşitdim ki, filmin çəkiliş vaxtı tikilən evdə Nizaminin ev muzeyi yaradılıb. 90-cı ilə qədər həmin ev muzeyinin olması ilə bağlı məlumatım var idi. Hazırda isə həmin tikilinin qalıb-qalmaması ilə bağlı məlumatım yoxdur”.

Filmdə olan geyimlərin seçilməsində məsləhətçilərlə birgə rəssam Mayis Ağabəyovun da böyük rolu olub: “Quruluş verdiyim filmlərin 70-80 faizini Mayis Ağabəyovla birgə işləmişik. Onunla institut vaxtından tanışıq, bir yerdə oxumuşuq. Etiraf edim ki, Mayisin iş üslubuna yaxşı bələd olduğum üçün onunla olan iş birliyimiz yaxşı tuturdu. Geyimlərin rəssamını isə Moskvadan dəvət etdik. Orada yaşayan elmlər namizədi, şərqşünas Mixail Qarelik bizə yaxından kömək göstərdi. Filmin bəstəkarı isə Qara Qarayev idi. Təəssüf ki, o çəkiliş vaxtı dünyasını dəyişdi. Yaxşı ki, hələ sağlığında filmə lazım olan musiqini yazmışdır. Bəzi yarımçıq işlər qalmışdı ki, ora da bəstəkarın “7 gözəl” baletinə yazdığı əsərdən istifadə etdik. Onu da qeyd edim ki, bu əsərə müraciət etmək üçün yaxşı ki, əvvəlcədən bəstəkarın icazəsini almışdım. Və bəstəkarın oğlu Fərəc Qarayev bu yarımçıq işdə bizə yardımçı oldu”.

Qeyd etdiyimiz kimi, filmin çəkilişlərinin bir hissəsi də Moskvada lentə alınıb: “Bunun səbəbi filmin Moskva ilə birgə istehsal olunması idi ki, bizim də bundan istifadə etməyimiz lazım gəlirdi, eyni zamanda da montaj, səsləndirmə işləri də orada apardıq. Maraqlı məqamların biri də o idi ki, filmin nümayiş olunduğu ildə artıq Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədrinin 1-ci müavini vəzifəsini daşıyırdı. Filmin çəkilişində maraqlı olan Heydər Əliyev imkan taparaq bizimlə Moskvada görüşdü və təbii ki, filmə baxaraq öz münasibətini də bildirdi. Söhbət filmin ekranlara getdiyi vaxtdan-1983-cü ildən gedir”.

“Nizami” filmi iki dildə – azərbaycan və rus dillərində montaj edilib. Nizami rolunun ifaçısı Müslüm Maqomayevi azərbaycan dilində  Rasimi Balayev, rus dilində isə Vyaçeslav Tixonov səsləndirib. Rejissorun dediyinə görə, Müslüm Maqomayev hələ də incidiyini bildirir ki, Nizamini rus dilində səsləndirməyi gərək ona tarşıraydılar. “Mən hesab edirəm ki, səsləndirmə işləri çox çətindir və bu, Müslüm üçün də çətin ola bilərdi” deyirdi Eldar quliyev.

Nizami filmi bir çox mükafatlara layiq görülüb

Filmin Moskvada nümyişi böyük səs-küyə səbəb olub. Və təsadüfi deyil ki, ilk nümayişdə uğur qazanan film 1-ci kateqoriyaya layiq görülüb. Filmin nümayişindən sonra isə 1983-cü ildə Leninqradda(indiki Sankt-Peterburq) XVI Ümumittifaq kinofestivalında dahi Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə rejissor Eldar Quliyevə priz verilib. 1984-cü ildə isə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalında filmə Özbəkistan Yazıçılar İttifaqının diplomu və Özbəkistan Nazirlər Sovetinin diplomu verilib.

Leave a Reply Cancel reply