Ağsu rayonunda avtomobil yolunun tikintisinə 3,2 mln manat vəsait ayrılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sənədə əsasən on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 3,2 milyon (üç milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Sərəncamda göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulması tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Leave a Reply Cancel reply